Yuxarı

“Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəsti nəşr edilib

Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilib

Bakı. 8 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “XAN” nəşriyyatında “Yazıçılarımızı dünyaya tanıdaq” adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib. "Report" xəbər verir ki, layihənin hazırlanmasında “Hədəf Nəşrləri”nin mütəxəssisləri də yaxından iştirak edib. Kitab dəsti I Avropa Oyunlarına hazırlıq çərçivəsində çap olunub. 

Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilib, onların əsərlərindən müəyyən nümunələr təqdim edilib. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmmədhüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Məlumatda qeyd olunub ki, 20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir. Layihənin əsas məqsədi I Avropa Oyunları çərçivəsində ölkəni ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır.

Nəfis tərtibatda çap edilən dəstdə yazıçıların həyat və yaradıcılığı yüksək poliqrafik keyfiyyətə malik şəkillərlə təqdim olunmaqla xüsusi qutularda yerləşdirilib.

Layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabın ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

Layihənin dizayneri Teymur Fərzi bildirib ki, hazırda kitabların təqdimatı üçün “Azerbaijani Literature” adlı qısa film hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi