Yazıçı Simax Şeydanın 80 illik yubileyi qeyd ediləcək

Yazıçı Simax Şeydanın 80 illik yubileyi qeyd ediləcək Tədbir aprelin 25-də AYB-nin "Natəvan" klubunda keçiriləcək
Ədəbiyyat
18 Aprel , 2016 12:57
Yazıçı Simax Şeydanın 80 illik yubileyi qeyd ediləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı Simax Şeydanın 80 illik yubileyi qeyd olunacaq.

AYB-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir aprelin 25-də keçiriləcək. 

Tədbirdə S.Şeydanın qələm dostları iştirak edəcək.

Qeyd edək ki, Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-ci ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.

S.Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.

S.Şeyda "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün qələmə aldığı beş mənzum pyes oxucular tərəfindən rəğbətlə qarşılanıb.

"Təyyarə" (1964), "Mən balaca kosmonavtam" (1967), "Yaxşı qız" (1979), "Kimin belə qızı var" (1983) və "Tülkü, tülkü, tünbəki" kitabları kütləvi tirajla nəşr olunub.

80 yaşlı yazıçı uzun illərdir Almaniyada yaşayır. 

Son xəbərlər

Orphus sistemi