Yuxarı

Vaqif Səmədoğlu xatirələrdə

Vaqif Səmədoğlu ilə vidalaşan sənət adamları onun haqqında danışdılar

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu haqq dünyasına qovuşdu. Şairin vida mərasimində sayılıb, seçilən mədəniyyət xadimləri, sənət adamları , elm və siyasət dünyasının parlaq simaları iştirak etdilər.

Vaqif Səmədoğlunun vida mərasimində bütün dostları danışırdı. Azərbaycan ədəbiyyatının Vaqif Səmədoğlu zirvəsini itirdik. Böyük Səməd Vurğun ocağının son yadigarını itirdik. Böyük şair Vaqif Səmədoğlunu son mənzilə yola salmağa gələn hər kəsin dilindən bu sözlər səslənirdi.

Xalq şairi Söhrab Tahir "Report"a açıqlamasında bildirib ki, Vaqif Səmədoğlu hələ yaşamalıydı: "Amansız xəstəlik olmasaydı, hələ 20 il Vaqif Səmədoğlu poeziyasından bəhrələnə bilərdik. Vaqif böyük Səmədin oğluydu. Amma atasının yolu ilə getmədi. Vaqifdə poetik cəsarət güclü idi. Ona görə də özünə yeni yol, yeni cığır seçdi. Azərbaycan ədəbiyyatına yeni poetik zövq, yeni nəfəs gətirdi. Sonda atasının çatdığı zirvəyə çatdı. Səməd Vurğun qədər böyük, uca şair oldu. Təəssüf ki, Vaqif aramızdan tez getdi".

Xalq şairi Nəriman Həsənzadə belə məqamlarda susmaq və öz-özünlə danışmaq lazımdır dedi: "Vaqif Vurğun ocağının yadigarı, böyük şair, dramaturq idi. Onun itkisi ədəbiyyatımız üçün böyük itkidir. Təsəlli odur ki, Vaqifin özündən sonra böyük irsi qaldı. Səməd Vurğun irsi kimi. Bizlər dünyadan köç edib gedirik. İrsimiz yaşayır, ədəbiyyat yaşayır. Vaqif yaşayan ədəbiyyatımızın yaşayan canlı şairidir".

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov yanaşı dayanmışdılar. "Bəxt üzüyü"nün Söylü və Moşu obrazlarını canlandıran iki sənətkar bu əsəri yaradan Vaqif Səmədoğluna minnətdarlıq edir, onu sayğı ilə anırdılar.

"Mənim bəxtimin açılmasında, xalqa tanınmağımda Vaqif Səmədoğlunun böyük rolu oldu. Onun yazdığı "Bəxt üzüyü" əsəri bizim bəxtimizə yazılmışdı. Ömrümüz yaşadıqca biz onu xatırlayacağıq. Bizi bütün Azərbaycan "Bəxt üzüyü" ilə tanıdı, "Bəxt üzüyü" ilə sevdi", - Valeh Kərimov bildirib.

""Bəxt üzüyü" hər ikimizin həyatına günəş kimi doğdu, sanki bəxtimizin əsəri oldu. Sol illər itkilərimiz çoxdur. Yaxşıları, istedadları, dəyərləri itiririk", - Afaq Bəşirqızı deyib.

Vaqif Səmədoğlunun ən yaxın dostlarından biri olan rejissor Ramiz Həsənoğlu və bəstəkar Cavanşir Quliyev əziz dostlarının xatirəsini gələcəkdə də yaşadacaqlarını söyləyiblər.

"Vaqifin neçə-neçə əsərlərini televiziyada hazırlamışam. Akademik Milli Dram Teatrının səhnəsində onun son əsərinə quruluş verdim. Bu əsərin hazırlanmasını çox istəyirdi. "Generalın son əmri" Vaqifin son vəsiyyəti idi. Səhnədə qoyulacaq son əsər, son vəsiyyət. Bu vəsiyyəti yerinə yetirdik. Allah dostumuza rəhmət eləsin", - Ramiz Həsənoğlu belə deyib.

Uzun illərdir Türkiyədə yaşayan və yaradıcılığını qardaş ölkədə davam etdirən bəstəkar Cavanşir Quliyev isə Vaqif Səmədoğlu barəsində bunları söyləyib: "Dostum dünyasını dəyişdi. Onu son mənzilə yola salanlar arasında mən də varam. Türkiyədən Bakıya məzuniyyətə gəlmişəm və dostumun dünya ilə vidalaşdığı son günündə onun yanındayam. Azərbaycan xalqına başsağlığı verirəm. Böyük şairi, böyük insanı itirdik. Onunla son işim "Generalın son əmri" əsərində oldu. Həmin tamaşanın musiqisini mən yazdım. Bu yaxınlarda isə Vaqifin "Son yelkən" şeirinə musiqi bəstələmişdim. Elə bu gün radioda səsləndi. "Son yelkən"lə dostumla vidalaşdım. Bu mahnı mənim Vaqifə gülə-gülə mesajım olsun. Cənnətə doğru gedən yolda Vaqifi yola salırıq".

Vaqif Səmədoğlunun bütün səhnə personajlarını canlandıran aktyorlar şairin vida günündə onu tək qoymadılar. Hamı gəldi və son dəfə Vaqif Səmədoğlu ilə vidalaşdılar. Buna halallaşma da demək olardı.

Böyük şair dünyasını dəyişdi, əbədiyyətə qovuşdu. Allah ona rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi