​Tbilisidə üç ölkənin fəxri vətəndaşı olan Yaqut Neymətovun xatirəsi anılıb

​Tbilisidə üç ölkənin fəxri vətəndaşı olan Yaqut Neymətovun xatirəsi anılıb O, bir neçə kitabın, 100-dən çox elmi məqalənin müəllifidir
Ədəbiyyat
12 İyun , 2016 11:11
​Tbilisidə üç ölkənin fəxri vətəndaşı olan Yaqut Neymətovun xatirəsi anılıb

Tbilisi. 12 iyun. REPORT.AZ/ Ötən gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli azərbaycanlı alim, vətənpərvər şair Yaqut Neymətovun anım mərasimi keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiyanın prezident administrasiyalarının nümayəndələri, Gürcüstanın hökumət rəsmiləri, parlamentin deputatları, elm, ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirdə ictimai xadim Ramiz Bəkirov, alimin oğlu Azad Neymətov, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Mahur Dərziyev, professor Kamal Hacıxəlilov, Gürcüstan qəzetinin baş redaktoru İslam Əliyev, Rusiyadakı “Şəhriyyar Ədəbi Cəmiyyəti”nin sədri Vasif Məmmədov və başqaları çıxış edərək Yaqut Neymətovun həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Gürcüstanın Qardabani rayonunda anadan olan Y.Neymətov Azərbaycan Dövlət Universitetində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb.

Pedaqoji elmlər doktoru Y.Neymətov müxtəlif vəzifələrdə, o cümlədən Rusiya Müdafiə Nazirliyinin Raket Qoşunları Strateji Təyinatlı Hərbi Akademiyasında çalışıb. RF İnnovativ Texnologiyaların İnkişafı Fondunun prezidenti olub. O, bir neçə kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Y.Neymətovun yetirmələri bu gün Rusiya, Azərbaycan və Gürcüstanda yüksək vəzifələrdə çalışır.

Qeyd edilib ki, Y.Neymətov, həm də gözəl şair olub. Onun şeirlərində Vətənə, xalqa, torpağa bağlılıq xüsusi yer tutub.

İsveçrənin Gürcüstandakı səfirliyində Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri Vadim Qorelov jurnalistlərə müsahibəsində deyib:

“Biz Y.Neymətovla bir oxumuşuq. O, təhsildə və ictimai işlərdə daim fərqlənib. Bu böyük alimin elmi kəşflərindən bu gün Rusiya, Azərbaycan və Gürcüstanın müvafiq strukturlarında geniş istifadə edilir. Mən belə bir alimlə dostluğumdan, tələbə yoldaşı olmağımdan qürur duyuram. O, əsl azərbaycanlı idi”.

Gürcüstan Elmlər Akademiyasının akademiki, yazıçı Petre Koçakidze bildirib ki, gürcü xalqı Y.Neymətov kimi azərbaycanlılarla fəxr edir. Onu Gürcüstan, Azərbaycan və Rusiyanın fəxri vətəndaşı adlandıranlar yanılmırlar. O, həqiqətən də əldə etdiyi uğurları ilə bu adı qazanıb. Bu gün Gürcüstan azad, demokratik dövlətdir və bu dövlətin yaranmasında azərbaycanlıların böyük xidmətləri olub”.

Alimin qızı, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin müəlliməsi Aida Neymətova deyib:

“Atam bizə Azərbaycanı, Gürcüstanı sevməyi öyrətdi. Ondan bizə böyük bir xəzinə, vətənpərvərlik eşqi qalıb. Biz fəxr edirik ki, belə bir adamın övladlarıyıq”.

Son xəbərlər

Orphus sistemi