Yuxarı
    Bağlamaq

    Tbilisidə Azərbaycan, Gürcüstan, Türkiyə yazıçıları və şairlərinin görüşü keçirilib

    Tədbirdə türk və azərbaycanlı şairlərinin şeirləri səsləndirilib

    Bakı. 19 May. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir. Münasibətlərimizin daha da möhkəmlənməsi və inkişafı üçün şairlərimizin və yazıçılarımızın üzərinə böyük vəzifə düşür.

    Report AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan, Türkiyə və Gürcüstandan olan şair və yazıçıların mayın 18-də Gürcüstan Milli Elmlər Akademiyasında keçirilən görüşündə səslənib.

    “Varlıq” Mədəniyyət Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin təşəbbüsü ilə keçirilən tədbirdə bu ölkə Baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev, Azərbaycan səfirliyinin əməkdaşı Elcan İmamverdiyev, parlamentin deputatı Mahir Dərziyev, jurnalistlər, QHT nümayəndələri, bölgələrdən, eləcə də Bolqarıstandan, Şimali Kiprdən və İraqdan olan yazarlar iştirak ediblər.

    Tədbirdə müasir dövrdə gənc nəslin ədəbiyyata marağının artması, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı, şair və yazıçıların görüşlərinin təşkili və s. məsələlər müzakirə olunub.

    Türkiyə, Bolqarıstan, Şimali Kipr və İraqdan gələn yazıçı və şairlərə gürcü dilinə tərcümə olunmuş “Koroğlu” dastanının, eləcə də Azərbaycan və gürcü ədiblərinin hər iki dilə tərcümə olunmuş əsərlərinin nüsxələri hədiyyə edilib.

    Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev görüşlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbirimi ilə bölüşərək deyib: “Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə dünyada tolerant ölkələr kimi tanınır. Yazıçı və şairlərimizin görüşləri bunu bir daha sübut edir. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı digər sahələrdə də münasibətlərimizin genişlənməsinə imkan yaradır. Eyni zamanda, xalqlarımız arasında dostluq tellərinin daha da möhkəmlənməsinə xidmət edir”.

    Türk Dünyası Ədəbiyyatçılar Birliyinin qurucusu və baş katibi Şəmsəddin Küzəçi isə bildirib ki, bu cür görüşlərin təşkili ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edir. Məqsədimiz bu əlaqələri daha da inkişaf etdirmək və möhkəmləndirməkdir. İnanırıq ki, məqsədimizə nail olacağıq.

    Tədbirin sonunda türk və azərbaycanlı şairlərinin şeirləri səsləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi