Simax Şeyda “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib

Simax Şeyda “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib Qocaman yazıçının 79 yaşı tamam olub
Ədəbiyyat
16 İyul , 2015 19:43
Simax Şeyda “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib

Bakı. 16 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin üzvü, əmək veteranı Simax Şeydanı 79 yaşı tamam olması münasibətilə nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edib. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qeyd edək ki, Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-ci ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. 

Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. 

Simax Şeyda "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Simax Şeyda uşaqların sevimli şairidir. Uşaqlar üçün qələmə aldığı beş mənzum pyes oxucular tərəfindən rəğbətlə qarşılanıb.

"Təyyarə" (1964), "Mən balaca kosmonavtam" (1967), "Yaxşı qız" (1979), "Kimin belə qızı var" (1983) və "Tülkü, tülkü, tünbəki" kitabları kütləvi tirajla nəşr olunub.

Son xəbərlər

Orphus sistemi