Yuxarı

Seyran Səxavətin 70 yaşı tamam olur

Görkəmli yazıçı doğum gününü dostlarının əhatəsində qeyd edir

Bakı. 23 mart. REPORT.AZ/ Martın 23-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı Seyran Səxavətin yubileyidir.

"Report" xəbər verir ki, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi olan Seyran Səxavət 70 illik yubileyini qeyd edir.

Yubileyində saysız-hesabsız təbriklər aldığını deyən Seyran Səxavət doğum gününü dostlarının əhatəsində keçirib.

"Bu gün səhərdən evimiz qonaqlarla dolub-daşır. Bütün dostlarım təbrikə gəlib. Yubileyimi evdə, dostlarımla birlikdə keçirdim. Səhərdən telefonum susmaq bilmir. Hamı təbrik edir. "525-ci qəzet"də Fuad Poladov mənim haqqımda müsahibə verib. Çox bəyəndim. Sağ olsun. Bir sözlə bütün dostlarıma, məni unutmayan, yad edən hər kəsə təşəkkür edirəm"

Xatırladaq ki, Seyran Səxavət 1946-cı il martın 23- də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub.

1964-1970-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olub. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışıb, sonra iki il İranda tərcüməçi işləyib.

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlayıb. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunub.

1988-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında "Qızıl teşt" əsəri tamaşaya qoyulub.

"Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulub.

"Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci ilin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi