Yuxarı

Seyran Səxavət: "Sonuncu romanımı özümə həsr etmişəm" - MÜSAHİBƏ

Söz səni Allaha qədər aparıb çıxara bilər

"Söz səni Allaha qədər aparıb çıxara bilər"

Bakı. 11 fevral. REPORT.AZ/ Yazıçı Seyran Səxavətin "Report"a müsahibəsi

Bakının səs-küyündən uzaqlaşıb, Mərdəkanda ev-eşik quran yazıçı, şəhərə gec-gec gəldiyini söylədi. "Bu yaxınlarda yeni romanımı yazıb, bitirmişəm" deyən sənətkara təklifimizi qəbul etdiyi üçün təşəkkür edirik.

Müsahibəni də məhz romanla başlayır:

- Romanı yenicə bitirmişəm. Əslində "Qaçaqaç" romanı iki kitabdan ibarətdir. 430 səhifəlik birinci roman artıq çap edilib. Bu romanın ikinci cildidir. Əslində, mən bu romanı özümə həsr etmişəm. Çünki məni özümdən yaxşı heç kim tanıya bilməz. Mənim tanıdığım, məşhur və qeyri-məşhur adamlar yaxın çevrəm onlarla münasibətlərim və düz gəlməyən xasiyyətlərim. Bütün bunların fonunda mən öz obrazımı yaratmışam və heç nəyi gizlətməmişəm. Ötən il ikinci kitabın I-ci hissəsi "Azərbaycan" jurnalında çap olundu. İndi ikinci hissəni çap etdirirəm.

Roman üzərində işləyəndə özümü yaxşı hiss edirəm. Evdə heç kimi narahat etmirəm. Ona görə də, xasiyyətimi bilirlər. Məni narahat, qayğılı görən kimi həyat yoldaşım deyir ki ,"Deyəsən, sənin roman yazmaq vaxtın gəlib çatıb".

Romanı yazıb qurtarandan sonra quş kimi yüngül oluram. Bu yükdən azad olanda özümü yaxşı hiss edirəm. Bu iş həm ağır, həm də xoşdur.

Romanda Şövkət Ələkbərova, İshaq İbrahimov, Yusif Səmədoğlu və Rusiyanın şöhrətli yazıçısı Andrey Bitov haqqında fəsillər var. Romanın ən maraqlı fəsillərindən biri "Xurşidbanu Natəvan, İlyas Əfəndiyev və dəli" adlanır. Fəsillərdən biri dünyasını erkən dəyişmiş şair Rauf Sultanov, biri isə Nəsir İmanquliyev haqqındadır. Nəsir İmanquliyevlə bağlı ən maraqlı xatirəmi oxucularla bölüşmüşəm. Nadir Cabbarov adlı tənqidçimiz var idi, əsərin bir fəslini də ona həsr etmişəm.

Bilirsiz, kitabda olan bütün tanınmış adları çıxarıb, başqaları ilə əvəz etsək, kitab bədii əsərdən fərqlənməz.

Kitab mənim həyatımı güzgü kimi əks etdirir, yəni uşaqlıq və gənclik illərim, dostlarım haqqında məlumatlar, ədəbiyyata gəlişim, qısa desək Seyran Səxavət haqqında hər şey burada öz əksini tapır.

- Seyran müəllim, belə çıxır ki, əslində roman avtoportretdir?

- Bəli, mən həmişə səmimi olmuşam. Düşünürəm ki, nəyi isə gizlətməyin mənası yoxdur. Gizlinlər gec-tez aşkara çıxmalıdır, çıxacaq da.

- Sizin yaradıcılığınızla tanışlığım "Qızıl teşt" əsəri ilə başlayıb. O əsərin Akademik Milli Dram Teatrının səhnəsində necə anşlaqla getməsi, sevilməsi sonradan isə səs-küyə səbəb olması barəsində çox eşitmişəm. "Qızıl teşt" əsərinə görə başınızın ağrıdığını da, bilirəm. Bu əsərdən sonra niyə teatrdan uzaq düşdünüz? Yoxsa, yeni əsərlərinizi qəbul etmirlər?

- Yox, mən teatrlara əsər təqdim etmirəm. Çünki mənim yazdığım əsəri bunlar qəbul etməzlər. Mən də, yazdığımı kiminsə sifarişi ilə dəyişən adam deyiləm. Nə yazıramsa, odur. Həm də özümü yazıçı kimi daha rahat, sərbəst hiss edirəm. Pyes konflikdir. Mən konflikt adamı deyiləm. "Qızıl teşt"in səhnəyə çıxması təsadüfən oldu. O əsəri yazmağı 1985-ci ildən fikirləşirdim, 1986-cı ildə yazdım. Növbəti ildə "Ulduz" jurnalında çap edildi. 1988-ci ildə isə əsər Akademik Milli Dram Teatrında tamaşaya qoyuldu. Mən "Qızıl teşt"i povest kimi yazmışdım.

Günlərin birində Akademik Milli DramTeatrında əsərlərin müzakirəsi aparılır. Rəhmətlik Tofiq Bayram həmin iclasda tənqidi çıxış edib, deyir ki, "Bu nə əsərlərdir son zamanlar qoyursunuz? Adamı silkələmir, tərpətmir, mənası yoxdur".

Rəhmətlik Həsənağa Turabov o zaman Akademik Milli Dram Teatrının direktoru idi. Həsənağa Turabov da, Tofiq Bayrama deyir ki, "Ay Tofiq müəllim, biz aktyoruq. Nə yazırlar, onu oynayırıq. Siz yaxşı əsərlər yazıb, teatra təqdim edin, biz də oynayaq".

Həmin anda Tofiq Bayram H.Turabova deyir ki, "Yaxşı əsər var. Seyran Səxavət yazıb. Dəvət edin, xahiş edin, teatr üçün hazırlasın, siz də səhnəyə qoyun".

Bu söhbətdən sonra H.Turabov mənə zəng edib dedi ki, "Povesti səhnə üçün işləmək lazımdır".

Mən rəhmətliyə dedim ki, "Bu pyes deyil, axı?".

Turabov qayıtdı ki, "Hazır pyesdir də. Üzərində bir az işlə, gətir".

Mən də gedib oturdum Fatmayi bağlarında. "Qızıl teşt" povestini "Qızıl teşt" pyesi etdim. Teatrda əsərin ilk oxunuşu zamanı, Mikayıl Mirzə pyesi ağlaya-ağlaya oxudu. Bütün teatr pyesi alqışlarla qarşıladı. Baxmayaraq ki, bəzi aktyorlar sonradan bir zamanlar bəh-bəhlə tərifləyib, qəbul etdikləri əsəri tənqid etməyə başladılar.

- O pyesi yazanda konkret kimisə nəzərdə tutmuşdunuz?

- Mən konkret olaraq heç kimi nəzərdə tutmamışdım. Bədii əsər yazmışam. Mən felyeton yazmıram ki, kimisə nəzərdə tutum. Əsərdə Kommunist Partiyasını nəzərdə tutub, yazmışdım. Çünki mənim raykomları görən gözüm yox idi. Belə pis çıxmasın kalın, idiotun birini gətirib qoyurdular rayona rəhbər. Həmin rəhbər də elə bilirdi ki, bu rayon onun dədəsindən qalıb. İstədiyini edirdi, üstəlik hər etdiyini partiyanın adına yazırdı. Mən də bunları həzm edə bilmirdim. Bu əsər Kommunist rejiminin əleyhinə yazılmış pyes idi.

"Qızıl teşt"də bir neçə nəslin faciəsi var. Mənim məqsədim məhz bu faciələri göstərmək idi. Doğulan kimi ölən körpə... Ölümlə onun münasibətini... Körpə ölümlə oynayırdı. Halbuki, oyuncaqla oynayan vaxtı idi. Sonra gənc oğlan. Universiteti bitirib evlənə bilmir, iş yox, ev yox. Bundan başqa orta yaş və ahıl yaşda olan insanların problemi və külli halında insanlığın, cəmiyyətin problemi. Bütün yaş dövrlərini əhatə edən tamaşaydı. 150 anşlaq getdi. Bəhram Osmanov tamaşaya gözəl quruluş vermişdi. Bəhramın cavan vaxtı idi. Həm də ilk böyük tamaşasıydı. Bəhram Osmanov çox istedadlı, ağıllı oğlandır. Əsərin məşqləri 6 ay davam etmişdi. O tamaşa üçün Zərnigar Ağakişiyevaya xüsusi rol yazdım. Mən o, aktrisanı çox bəyənirəm. Ona görə də, sözünü yerə salmadım. Saatlarla raykomun qəbulunda "yatan" bir qadının obrazını yazdım onun üçün. Kamal Xudaverdiyev, Yaşar Nuri, Şükufə Yusupova, Ələsgər Məmmədoğlu, Muxtar Avşarov və başqaları, kimlər yox idi o tamaşada... Həsənağa Turabov Kamal Xudaverdiyevlə dublyor idi.

Pyes çox uğurla nümayiş olundu. Əsərdəki hər hansı bir düzəliş barədə mənə heç bir müraciət olmadı. Mən yazdığım əsəri qətiyyətlə müdafiə etdim və bir cümləsini də, dəyişmədim. Hətta o zaman mədəniyyət naziri olan Zakir Bağırov tədbirlərin birində mənə dedi ki, "Bu pyesi biz almışıq. Necə istəsək elə də təqdim edərik". Dedim ki, "Yox, pyesi mən sizə 3000 manata satmışam, üzərinə peşmanlıq pulu da qoyub 3500 qaytararam, amma bir cümləsini dəyişmərəm". Pyesin reklamı olmasa da, səsi-sorağı bütün Azərbaycana yayılmışdı. Bəlkə buna görə, əsəri qəsdən siyasiləşdirdilər və pyesin siyasi yozumuna başladılar. "Qızıl teşt"i dövrün bütün tanınmış ziyalıları, şair və yazıçıları bəyənmişdi. Sonradan isə özləri üçün xal yığmaq istəyənlər bu "Qızıl teşt"dən danışmağa başladılar. Bilirsiz, belə şeylər mənə maraqlı deyil. Mən öz taleyini çox hörmətlə saxlayan, ona üfürə-üfürə baxan adamam. Düzdür, bəzən adım harasa gedir, adımı pozurlar. Nə olsun? Deyirəm ki, gələn dəfə yazmayın. Vəssəlam...

- Seyran müəllim, belə çıxır ki, "Qızıl teşt" əsəri sizin yaradıcılığınıza zərbə vurdu?

- Mən bir dəfə də, bunu demişəm. Mən fəxr edirəm ki, belə bir əsər yazmışam. Pyes tragikomediyadır, 4 nəslin faciəsini əks etdirir. Biz yozmağa, fikri başqa tərəfə yönəltməyə öyrəşmişik. Adicə bir hekayə yazırsan, yaxınlaşıb soruşurlar ki, "əmioğlu, filankəsi nəzərdə tutub yazmısan?". Adama deyərlər ki, "nə borcuna?"

- O əsərdən sonra pyes yazmaqla vidalaşdınız?

- Mən hər zaman demişəm ki, dramaturq deyiləm. Bu pyes təsadüfən yazıldı. Bir əsərim Füzuli Dövlət Dram Teatrında tamaşaya qoyulub. "Qapıların o üzündə qalan dünya". Həmin pyesi Bəhram Osmanov Füzulidə tamaşaya hazırladı. O, əsəri onlara kömək üçün yazmışdım. "Büst" əsərim isə Lənkəran Teatrında tamaşaya qoyulub. "Büst", "Qızıl teşt"dən geri qalmayan maraqlı əsərdir.

- Seyran müəllim, "mən dramaturq deyiləm" söyləsəniz də, bir neçə maraqlı əsərləriniz teatr səhnəsində oynanılıb. Yenidən bu əsərlərin tamaşaya qoyulmasını istəməzdiniz?

- Vallah, hələlik belə bir fikir yoxdur. Həm də teatrdan uzaqlaşmışam. Bilirəm ki, mən yazan əsəri heç bir teatr tamaşaya qoymayacaq, ona görə də yazmıram. Bilsəm ki, mən əsər yazsam tamaşaya qoyular inanın ki, qolumu çirmələyib işə girişərəm. "Azdrama"nı mən xilas edərəm. Necə ki, bir zamanlar "Qızıl teşt"lə etdik. Sadəcə, mənim yazdıqlarımı olduğu kimi səhnəyə çıxara, göstərə bilməyəcəklər.

- Belə deyək ki, imkan, şərait yaradılıb və siz dram əsəri yazmağa qərar vermisiniz. Hansı mövzunu seçərdiniz? Tarixi mövzuda əsər yazmaq istəmirsiniz?

- Yox, tarixi mövzu mənlik deyil. Teatr üçün pyes yazsam, yenə də müasir mövzuda əsər olacaq. Mən realist adamam, xarakterim belədir. Gözümə, əlimə daha çox inanıram. Mən gözümün önündə cərəyan edən hadisələri görə-görə, nə üçün arxivdə günümü keçirməliyəm. Bilirsiz, Ülviyyə xanım, siz deyirsiz mən düşünürəm və belə qərara gəlirəm ki, indiki vaxtda ən məsləhətlisi nəsrdir. Nə aktyora, nə rejissora, nə də sponsora ehtiyac yoxdur. Özünsən, qələmin və düşüncələrin... Məndə belə bir xasiyyət var ki, yazmağa başlayanda bir cümlə yazıram və söz məni aparır. Bir də görürəm gözəl əsər meydana gəlib. Mənim "Karusel" adlı bir əsərim var. Özüm yazmışam deyə tərifləmək kimi olmasın, çox maraqlı mövzusu var. Əsl səhnə əsəridir. Bəlkə gələcəkdə teatra təhvil verdim. Nə vaxtsa belə bir hadisə baş versə, yenidən rejissor Bəhram Osmanovla işləmək istəyərəm. Bəhramın istedadına inanıram.

- Sonuncu dəfə teatra tamaşaçı kimi nə vaxt getmisiniz?

- İki il olar. Mərdəkanda yaşadığıma görə, heç şəhərə gəlmirəm. Orda rahatam. Amma "Şah Qacar"a baxmaq istəyirəm. Qacar tamaşasının uğurlarından xəbərim var. Fuad Poladov məni bir neçə dəfə tamaşanı izləməyə dəvət edib. Hələ gedib baxa bilməmişəm. Fuad Poladov dahi aktyor, dahi insan, şəxsiyyət, əsl dost və əsl kişidir. Onun tamaşasına baxmağa, onun sənətinə heyran olmağa dəyər. Bu dəfə söz verirəm. Mütləq gəlib baxacam.

- Seyran müəllim, bayaq dediniz ki, yeni əsər yazmağa başlayanda şəhərdən, evdən uzaqlaşırsınız. Bir yazıçı daha nələrdən imtina etməlidir ki, ortaya mükəmməl əsər çıxsın?

- Hər kəsin üslubu, yolu fərqlidir. Şəxsən mən yazı stoluma xüsusi sevgi ilə yanaşıram. İşə başlamazdan əvvəl, yazı masamı öpürəm, sığallayıram.

- Bu qədər sevgi ilə yanaşırsız?

- Həqiqətən elə edirəm. Yazıya başlamazdan 1 ay əvvəl sağlamlığıma ziyan verəcək hər şeydən imtina edirəm. Yanımda heç kimi istəmirəm. Yeyib-içməkdən də, imtina edirəm. "Qaçaqaç"ı yazanda 40 günə bir buxanka çörək yemədim. Yazı yazanda yemək yada düşmür. Hər gün 15-18 saat yazıram. Mənim üslubum belədir. Mən belə işləyirəm və mənə belə rahatdır. Mənən o qədər dolu oluram ki, yazanda boşalıram, yüngülləşirəm. Yazıya başlayanda ən çətini ilk cümləni vərəqə köçürmək və son nöqtəni qoymaqdır. Çünki ilk cümləni yazmaq, dövlət qurmağa bərabərdir. İlk cümlə sənin olmalıdır. Söz səni aparmalıdır. Bir var ki, söz səni aparsın, bir də var Seyran səni aparsın. Söz səni Allaha qədər aparıb çıxara bilər. Seyran Səxavət isə səni çox uzağa apara bilməyəcək.

- Sözün arxasınca gedəndə ürəyin yüngüllüyü başlayır?

- İnsan ürəyi qab kimidir. O mütəmadi olaraq dolub, boşalmalıdır. İnsanın ürəyi uzun zaman dolur, əgər boşalmırsa, ifunət qoxusu gəlir. Bu sözün qoxusudur. Bu qoxunun bir adı da, ölümdür. Necə ki, insanın ürəyində qan dövran edir, eləcə də, ürək sözlə dolanda eynilə o şəkildə boşalmalıdır. Amma yaxşısı odur ki, ürəyi dolmağa qoymayasan. Ürəyin dolması, ağrıması əslində, yaxşıdır. İnsan inciyirsə, ürək ağrıyırsa deməli canlısan. Sağsan. Bu dünyada inciməyən təkcə ölülərdir.

- Bir neçə il əvvəl "Qarabağ işğaldan azad olunana qədər kişilikdən istefa vermişəm" demişdiz. O zaman bu çıxışınız söz-söhbətə səbəb oldu. Bu gün də belə düşünürsünüz?

- Bəli, bu gün də o fikirdəyəm. Məndən olsa, Qarabağ şikəstəsini oxumağı qadağan edərəm. Qarabağ işğaldan azad edilməyibsə, biz necə Qarabağ şikəstəsi oxuya bilərik? Belə etməklə hər şeyi adiləşdiririk. Qarabağ haqqında çox danışmışıq. Sözdən işə keçmək vaxtı çoxdan yetişib. Torpaq həsrəti azdır. Həsrət çəkmək lazımdır. Mən ərkim çatan bütün dostlarıma, Ramiz Rövşənə, Musa Yaquba,Vaqif Bəhmənliyə Qarabağ haqqında yazmağı qadağan etmişəm. Bir neçə il əvvəl "Nekroloq" əsərimdə Qarabağ əlillərindən yazmışdım. Daha yazmıram.

- Əslən Füzulidənsiniz. Telefon söhbətində demişdiz ki, nənəm şuşalı qızı olub...

- Hə, nənəm şuşalı qızıydı. Atam-anam Füzulidəndir. Anam müəllimə, atam baş hesabdar idi. Ailədə 7 uşaq idik. Onların haqqında "Qaçaqaç"da yazmışam. Bizdən Şuşaya 45 km yol var idi. O yola "Molla Nəsrəddin" yolu deyirdilər.

- Şuşaya tez-tez gedirdiniz?

- Bəs necə? İldə 5-6 dəfə Şuşaya gedərdim. Xüsusilə də, xəngəl yeməyə həmişə Şuşaya gedirdik.

- Necə dolanırsınız, Seyran müəllim?

- 195 manat təqaüd alıram. Bilirsiz, mən çox düz yaşamışam. Yaxşı dostlarım var. Sağ olsunlar.

- Əsərləriniz əsasında film çəkilməyini düşünmüsünüz?

-Yalnız "Halal pul" adlı bir hekayəm var, onun əsasında film çəkiblər. Mənə çoxları deyir ki, niyə kinematoqrafiyaya gəlmirsən. Nəsə alınmayıb. Təbii ki, əsərlərimin ekran həyatı görməsini istəyərdim.

- Son illər ədəbiyyata yeni adlar, yeni imzalar gəlib... Bugünkü ədəbi mühitdə kimləri bəyənirsiniz?

- Oxuduğum və bəyəndiyim adlar var. Hamısı deyil, amma onların içində istedadlı uşaqlar var. Seymur Baycan, Kəramət Böyükçöl, Aqşin Yeniseyin adını çəkə bilərəm. Bir neçə qızlar da, var. Amma adlarını unutmuşam. Yəni istedadlıları var. Sadəcə, məsələ burasındadır ki, onların bəziləri "başlarının "razmer"indən böyük" danışırlar. Hər şeyin üzərindən xətt çəkmək istəyirlər. Kökdən qopmaq olmaz və bu heç mümkün də, deyil. İstedad Allah vergisidir. Ona xəyanət etmək olmaz. Kökün üzərində möhkəm dayanıb, istedadlarına hörmət etsələr hər şey yaxşı olacaq. Bu barədə dəfələrlə özlərinə demişəm.

- Seyran Səxavətlə söhbətləşib, muğamatdan danışmamaq günah olar... Sizin muğamata öz münasibətiniz, xüsusi sevginiz var.

- Sevgidən başqa, hərdən özüm də zümzümə edirəm.

- Nə gözəl. Heç mən bunu bilmirdim. Onda sizin danışmağa sözünüz çox olar. Hər halda muğamları bilən və zümzümə edən adam kimi...

- 60 illik yubileyimi keçirəndə məclis qurub, dostlarımı başıma topladım. Həmin gecə "Mirzə Hüseyn segahı"nı oxudum.

- Dəsgah şəklində? Əvvəldən sonadək?

- Bəli. Bütün şöbələrini oxudum. Mən muğamı dərindən bilirəm. Amma muğam bilgi obyekti deyil. Muğamı hər kəs bilər. Duyğu başqa şeydir. Muğam duyğudur, səsdir. Muğama qulaq asanda sarsılıram. Anamın iki dayısı tarçalan idi. Ağabala Abdullayev var idi. Gözəl xanəndəydi. O, mənim bibimin həyat yoldaşı idi. Bir mahnı var, "Olmaz-olmaz". Həmin mahnını Ağabala Abdullayevin oğlu Zöhrab yazıb. Sözləri Qasım Qasımzadənindir. Məşhur mahnıdır. Üzü Qədirdən bu yana, bütün xanəndələr o mahnını oxuyurlar.

- Ən çox sevdiyiniz, dinlədiyiniz xanəndə kimdir?

- Xarrat Qulu, Cabbar Qaryağdıoğlu, Seyid, Xan, Ağabala Abdullayev, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Ağaxan Abdullayev, Şövkət xanım, Rübabə xanım, Sara xanım, Nərminə Məmmədova.

- Bəs, gənclərdən?

- İlkini, Eldəniz Məmmədovu bir də Güllü Muradovanı bəyənirəm. Güllü Muradovanın ifasında "Mirzə-Hüseyn segahı"na qulaq asdım. Heyran oldum. Mükəmməl ifaydı. Muğam oxumaq üçün ilk növbədə səs olmalıdır. Bir dəfə yaxın dostumla muğam gecəsi təşkil etdik. Səhərə qədər oturub gəlmiş-keçmiş xanəndələrin ifasında "Mirzə-Hüseyn segahı"nı dinlədik. Cabbar Qaryağdıdan başladıq Yaqub Məmmədova qədər. Yaqub Məmmədov "Mirzə-Hüseyn segahı"nın ən yaxşı ifaçısı olub. Mübərriğə yerində elə bir şey edib ki, onu heç kim etməyib. Bəlkə də, ağıllarına gəlməyib, yoxsa edərdilər.

- Deyəsən, ən çox sevdiyiniz muğam da, elə "Mirzə-Hüseyn segahı"dır?

- "Mirzə-Hüseyn segah"ını bəyənirəm. Amma mən "Zabul-segah"la böyümüşəm. "Orta segah"ı da çox sevirəm.

- Qarabağlılar "Segah"ı sevirlər...

- Elədir. Segahın ən gözəl ifaçıları Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Arif Babayev olub. Qarabağ səsi adamı uzaqdan çağırır. Qarabağlı ilə adi danışıqdan bilmək olar ki, o, Qarabağdandır.

- Ən çox sevdiyiniz muğamdan, xanəndələrdən danışdınız. Seyran Səxavətin ən çox bəyəndiyi aktyorlar kimlərdir?

- Rəhmətlik Hökümə Qurbanovanı, Möhsün Sənanini, Məmmədrza Şeyxzamanovu, Həsənağa Turabovu, Kamal Xudaverdiyevi, Hamlet Xanızadəni, Yaşar Nurini çox bəyənirdim. Allah canını sağ eləsin Fuad Poladov. Fuad mənim üçün başqa dünyadır. O, əsl sənətkardır. Bir neçə il əvvəl mənə belə sual vermişdilər ki, Fuad Poladov son zamanlar imperatorların, şahların obrazını canlandırır. Elə o vaxtı dedim ki, "Fuad sənətinin imperatorudur. Ona görə də, imperatorların obrazını yaratmaq ona yaraşır".

- Sizin gözəl sevgi şeirləriniz var. Seyran Səxavət poeziyadan nəsrə keçdi. Poeziyadan bir şair azaldı demək olar?

- Vallah, nə deyim. Ramiz Rövşən bir dəfə çıxış edəndə dedi ki, "Ədəbiyyata təzə gələndə biz cavan şairlərin gözünü qorxudan Seyran Səxavət idi. Azərbaycan şairlərinin xoşbəxtliyindən, Azərbaycan nasirlərinin bədbəxtliyindən Seyran poeziyadan nəsrə keçdi". Mən ilk şeirimi 14 yaşımda yazmışdım. Şəhərə baxmayın. Kənd uşaqları tez cücərir. Elə yenicə cücərməyə başlayanda aşiq olduğum xanıma şeir həsr etmişdim.

-Maraqlıdır

- Ay günəşlə yatmayıb günəşlə oyanan qız,

Dilim topuq vuranda qarşımda dayanan qız.

Sənin ən çox sevdiyin bu həyatı sevirəm

Köksü milyon ulduzlu, kəhkəşanlı, günəşli kainatı sevirəm.

Qəlbində qərar tutan o sonsuz diləkləri, tellərini yalayan o həzin küləkləri,

Səninlə birgə gəzən deyib-gülən qızları,

Evinizin tuşunda, sonsuz göylərdə yanan o parlaq ulduzları,

Xəzan vaxtı baxçanda, elə bir-bir tökülən yarpaqları sevirəm.

Sənin könül verdiyin, can dərmanı yetirən torpaqları sevirəm

Qəlbinə həmdəm olan sirdaşını sevirəm

O dədəni, nənəni, qardaşını sevirəm.

Görürsənmi gözəl qız neçənizi sevirəm...

O daşlı, o kəsəkli küçənizi sevirəm.

Evinizin başına mənim kimi dolanan barını da sevirəm,

Keçən il baxçanızda məni dilin tək sancan arını da sevirəm,

Qonşunuzda yaşayan o sifəti qırışmış, o dişləri, tökülmüş qarını da sevirəm.

Hərdən məni duymayıb, gözümə düz baxmayan gözünü də sevirəm,

Lap mənə acı gəlib ürəyimə od vuran sözünü də sevirəm.

Məndən incimə ay qız yeri gəlib deyəcəm özünü də sevirəm, özümü də sevirəm.

- Gözəldir. 14 yaşında belə şeir yazmısınızsa, 20 yaşında yazdığınız şeir daha mükəmməl olar...?

- 20 yaşımda "Ay ilk məhəbbətim, son məhəbbətim" şeirini yazdım və bu şeir çox məşhurlaşdı.

Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.

O parlaq sevgimdən çox utanıbdan,
Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar bir dəfə doğulduğundan,
Elə bir dəfə də sevə bilərmiş…

Mənəm, milyard naxış səpmişəm göyə,
De, varmı hesabı naxışlarımın.
Kirpiklər özgəyə baxmayım deyə,
Çəkir keşiyini baxışlarımın...

Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyacaqsan.
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayacaqsan...

Burda tənhalıqdan lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin...

Sən bir soyuq ulduz, mən gözləri nəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi