Yuxarı
    Bağlamaq

    Şah İsmayıl Xətainin xətt nümunələri aşkarlanıb

    Mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb

    Bakı. 20 fevral. REPORT.AZ/ AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib.

    AMEA-dan “Report”a verilən məlumata görə, burada Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb.

    Qeyd edək ki, müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti Azərbaycanda idi. İndi isə Münxenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb.

    Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Bu xətt nümunəsinin Çaldıran döyüşündən əvvəl yazıldığı ehtimal olunur. Osmanlı imperatoru birinci Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparıb. Əsər sonradan Avropaya aparılıb.

    Xatırladaq ki, Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münxenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türkiyəli alim İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi