Yuxarı

“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı şeir müsabiqəsi qaliblərinin adları açıqlanıb

“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri”

Bu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda ədəbi-bədii gecə təşkil edilib.

“Report” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda, bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şeir müsabiqəsinə yekun vurulub və müsabiqənin qalibləri mükafatlandırılıblar.

Tədbiri Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov açaraq bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında təbliğ etmək, daha yaxşı tanıtmaq və ənənələri qorumaq saxlamaq istiqamətindəki əhəmiyyətini qeyd edib.

Qəzəlxan şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəb, eləcə də onların əsərlərinin poetik simvolları barədə çıxış edib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rol, hər iki şairin əsərlərinin özünəməxsusluqları barədə məruzə ilə çıxış edib. Azərbaycan Yazarlar Birliyinin katibi, şair və esseist İlqar Fəhmi çıxışında bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin təbliğində mühüm rol oynadığını söyləyib.

Daha sonra qaliblərin adları açıqlanıb. Birinci yeri Kamal Hüseynzadə, 2-ci yeri Vəlixan Abdullayev, 3-cü yeri isə Xəyal İsmayılov qazanıb.

Sonda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə xarici qonaq qismində qatılmış İraq İslam Respublikasının nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi ili” təşəbbüsünün Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qorunması və dünyada tanıtdırılmasına yönəlmiş əhəmiyyətli addım olduğunu və bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir muğam ustalarının musiqili proqramı ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi