Böyük türk şairi Nazim Hikmətin ölümündən 52 il ötür

Böyük türk şairi Nazim Hikmətin ölümündən 52 il ötür Moskvada şairin anım mərasimi keçirilib
Ədəbiyyat
3 İyun , 2015 18:21
Böyük türk şairi Nazim Hikmətin ölümündən 52 il ötür

Bakı. 3 iyun. REPORT.AZ/ Böyük türk şairi, Beynəlxalq Sülh Mükafatı laureatı, türk inqilabi poeziyasının banisi, poeziyası Azərbaycanda çox sevilən Nazim Hikmətin vəfatından 52 il ötür.

"Report" xəbər verir ki, bu münasibətlə Moskvada, şairin məzarı önündə anım mərasimi keçirilib.

Şairin dəfn edildiyi Novodeviçe qəbiristanlığında keçirilən anım mərasimində Türkiyənin Rusiyadakı səfirliyinin müşaviri Gökhan Turan, Moskvada yaşayan türk vətəndaşları, Türkiyədən gəlmiş mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Qeyd edək ki, Nazim Hikmət 1902-ci il yanvarın 15-də Salonikidə zadəgan ailəsində anadan olub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. O, 1920-ci ildə işğal edilmiş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya gedir. 1921-ci ildə Sovet Rusiyasına gəlir və 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb.

1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı çapdan çıxıb. 1938-ci ildə yenidən Türkiyəyə qayıdan Nazim Hikmət həbs olunur və 8 ay həbsxanada yatır.

Nazim Hikmətin yazdığı "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilir.

1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət həbsxanada məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini yazır.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şeir və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazıb.

SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilib.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu olub. O, dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dostluq edib, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub.

Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyib. Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib.

Son xəbərlər

Orphus sistemi