Ukraynanın görkəmli şairi və tərcüməçisi Mikola Miroşniçenko 11 il əvvəl vəfat edib. Böyük istedadı və zəhmətsevərliyi ilə yanaşı, poliqlot kimi də fərqlənən M.Miroşniçenko Azərbaycan, türk, Krım tatar dillərini bilir, bunun sayəsində parlaq şəxsi yaradıcılığı ilə yanaşı, həm də adıçəkilən xalqların istər klassik, istərsə də müasir şairlərinin əsərlərindən yüksək sənətkarlıqla etdiyi tərcümələrilə də ölkəsinin oxucuları arasında şöhrət qazanıb. Ukrayna – Azərbaycan ədəbi əlaqələrinə ölçüyəgəlməz töhfələri olan M.Miroşniçenkonun qoyub getdiyi ədəbi mirasın iki ölkə arasında bu gün də həyata keçirilən mədəniyyət, ədəbiyyat layihələrinin hər birindən boy göstərdiyi şəksizdir.
“Report” Mikola Miroşniçenkonun həyat yoldaşı Larisa Miroşniçenko ilə müsahibəni təqdim edir.
- Larisa xanım, Mikola Miroşniçenkonu bir insan kimi necə xatırlayırsınız?
- Açıq sözlü olsa da, hər kəslə dil tapmağı bacarırdı. Hər kəsə bacardığı qədər kömək olmağa çalışar, insanlar da qəlbinin hərarətini hiss edərək ona meyl edərdi. Bir çox gənc şairlərə böyüklük edər, ustad yardımını əsirgəməzdi. Hər bir həqiqi şair kimi ürəyi kövrək idi. Onun söhbətlərindən doymaq olmazdı.
- Şairin həyat yoldaşı olmuş, ilham gəldiyi vaxtlarına da, yaradıcı axtarışlarına da şahidlik etmisiniz...
- Şair olmaq insan qəlbinin xüsusi, fərqli halıdır. Hələ 1967-ci ildə palindrom janrına həvəslənmiş, bir çox həmkarları, o cümlədən azərbaycanlı və Krım tatar şairlərində də bu janra maraq oyatmağı bacarmışdı. Əslində müasir Ukrayna palindromunun inkişafına təkan verən oldu. Bundan əlavə, vizual – görüntülü şer kimi fərqli bir janrı da başqa şairlərlə yanaşı inklişaf etdirib. 1997-ci ildə Kanadanın Edmonton şəhərində görüntülü şerə həsr olunmuş “EyeRhymes” konfransında ən böyük nümayəndə heyəti Ukraynadan gəlmişdi. Azərbaycan və Krım tatar ədəbiyyatı antologiyaları üzərində gecə-gündüz çalışır, bu dillərdən tərcümələrini nəşr etdirmək fürsətinə çox sevinirdi. Öz əsərlərini isə “siyirməyə” yazmalı olur, cəmisi iki şer kitabını nəşr etdirə bilmişdi. Ümumiyyətlə, şer yazmaq və tərcümə etməyi yaradıcılıq vəzifəsi hesab edirdi. Mənim də vəzifəm onu bütün işlərində dəstəkləmək idi.
- Siz tanış olarkən Mikola artıq azərbaycanlı şairlərdən tərcümələr edirdi?
- Biz Ukrayna Ensiklopediyası Nəşriyyatında tanış olmuşduq. Mən orada Qafqaz xalqları ədəbiyyatı şöbəsinin redaktoru işləyirdim, o da elə Azərbaycan və azərbaycanlı şairlər haqqında məqalələr yazırdı. Ondan əvvəl iki il Azərbaycanda yaşayıb, Azərbaycan dilini öyrənmişdi. Əvvəlcə türk şairi Orxan Vəlinin yaradıcılığına aludə oldu, türk şairlərindən tərcümə etmək istəyirdi, amma sovet dövründə türk dilini öyrənmək üçün Türkiyəyə getmək mümkün deyildi. Oraya yalnız 1994-cü ildə getmişdi. O vaxt isə Yazıçılar İttifaqı Mikola Mikolayoviçə dilləri türk dilinə çox yaxın olan Azərbaycana ezamiyyət verdi. Oraya getməyinə heç vaxt peşman olmamışdı.
- Bəs gündəlik həyatınızda Azərbaycan, Türkiyə, Krım tatar dünyaları hansı yer tutub? Bir dəfə evinizdə Nəsiminin şəkli olduğunu demişdiniz.
- Bəli, var. Mikola hələ tələbəlik illərində, Luqansk (o vaxt Voroşilovqrad) Pedaqoji İnstitutunda oxuyarkən Şərqə maraq salmışdı. İnstitutda disident olan şair, rəssam, ruhani Mikola Sarma Sokolovskilə dostlaşmış, onu mənəvi ustadı kimi qəbul etmişdi. Bir qədər sonra Sarma Sokolovski Mikolanın Şərq ədəbiyyatına həvəsini bilərək onun üçün Nəsiminin portretini çəkdi. Şərq adətlərinə, məişətinə vurğun olan Mikola Azərbaycanda keçirilmiş gənclər qurultayında tanış olduğu tanınmış Krım tatar şairi Yunus Qəndimə də tez-tez qonaq gedərdi. Yunus da Mikolanı Krım tatar ziyalıları ilə tanış etdi. O vaxt Mikola hətta Krım Tatar Xalq Məclisinin üzvü də olub. Krım tatarlarının mədəniyyətini hərtərəfli qəbul etmişdi, çayı ancaq piyalədən içərdi. İstanbulda türk dili kurslarında oxuyarkən də fəsi başından yerə qoymaz, şəkillərini də ancaq fəslə çəkdirərdi.
- Azərbaycanda çoxlu dostları olub. Bu barədə bir az danışardınız.
- Mikola iki il Bakıda yaşayıb Azərbaycan dilini öyrəndiyinə görə, təbii ki, orada çoxlu dostlar qazanıb. Onlardan Mirvari Dilbazi Maksim Rılski (Ukrayna xalq şairi – red.) haqqında xatirələrini danışardı. Həmçinin zəmanəmizin ən böyük şairlərindən Rəsul Rza, tanınmış şair Fikrət Qoca, o vaxt gənclər nəşriyyatının redaktoru olmuş çox maraqlı şair, balıq ovunun alovlu həvəskarı Vaqif Nəsibin adlarını çəkə bilərəm. Ən böyük dostu isə şair, ədəbiyyatşünas, ukraynaşünas tərcüməçi, ictimai və siyasi xadim Abbas Abdulla olmuşdu. O, sonradan İstanbulda baş konsul işləyərkən Mikola orada türk dili kursunda oxuyurdu. Aralarında istər insani, istərsə də yaradıcılıq baxımdan möhkəm dostluq telləri yaranmışdı. Hər ikisi də dost ölkənin şairlərindən, o cümlədən elə bir-birindən də tərcümələr etməklə öz doğma ədəbiyyatlarını daha da zənginləşdirirdilər.
- Mən biləni Mikola Miroşniçenko Azərbaycanda dəfələrlə olub. Hansı illər idi, həmin səfərlərdən nə xatirələri vardı?
- Dediyim kimi Mikola Miroşniçenko iki il, 1976-1978-ci illər ərzində Bakıda yaşayıb Azərbaycan dilini öyrənirdi. Sonradan 80-ci illərdə, 90-cı, 2000-ci illərdə də Azərbaycanda olub. Çünki Bakıda böyük dostu Abbas Abdulla yaşayırdı. Həmçinin 1989-cu ildə Bakıda Yunus Qəndimlə tanış olduğu “Xəzər görüşləri” adlı ədəbiyyat forumu, 2001-ci ildə Bakıda birinci Dünya Azərbaycanlıları Konqresində iştirak etdiyinə görə onun üçün əlamətdar olub.
- Azərbaycanda ən çox nələr onda maraq oyadıb?
- Mikola Mikolayoviç Azərbaycanın təbiətinə də, insanlarına da, tarixinə, mədəniyyətinə, ədəbiyyatına heyran idi. Tez-tez Xəzər dənizini, Abşeronu xatırlayar, Azərbaycan xalçalarından həvəslə danışardı. Xalçaların hazırlanmasına da tamaşa etmişdi, şəkillərini gətirərdi. Zaqatala tərəflərində vaxtilə Taras Şevçenkonun su içdiyi bulaqdan su içdiyini həssaslıqla yada salmışdı.
- Bəs Azərbaycan şairlərindən tərcümə etməsilə bağlı maraqlı əhvalatlar olubmu? Məsələn, Məmməd Arazın “Dünya sənin, dünya mənim” şerinin tərcüməsinə nə qədər uzun vaxt sərf etməsindən çoxlarının xəbəri var.
- Doğrudan da, bu şer üstündə Mikola Mikolayoviç xeyli tər tökməli olmuşdu. Azərbaycan dilindəkindən fərqli olaraq Ukrayna dilində həmin yer bir hecalıdır: “svit – tviy, svit – miy”. Halbuki şerin ahəngini orijinaldakı kimi saxlamaq çox mühümdür. Yalnız uzun illər ötdükdə Mikola bu məsələni çözdü: “svit biliy – tviy, svit biliy – miy, svit biliy – gety niçiy”. Bu sözlər bütün şerin ana xəttini təşkil edir.
- Mikola Miroşniçenkonun yaradıcılıq və tərcüməçilik planlarından nələr həyata keçirildi, nələr yarımçıq qaldı?
- Çox böyük planları olub. Azərbaycan şeri, Krım tatar şeri, Krım tatar nəsri antologiyalarından savayı, türk şeri antologiyası və rubai antologiyası üzərində çalışmağa başlamış, üstəlik, özbək şeri antologiyasını da toplayıb nəşr etməyi düşünürdü. Necə deyərlər, qismət deyilmiş. Yeri gəlmişkən, Azərbaycan şeri antologiyası işıq üzü görəndən sonra 2007-ci ildə Maksim Rılski ədəbiyyat mükafatına layiq görüldü, həmçinin Azərbaycan Yazıçılar İttifaqına üzv də qəbul edildi.
Söhbətləşdi Marina Honçaruk