Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatıb

Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatıb Əsərləri professor Şirməmməd Hüseynov araşdırıb
Ədəbiyyat
6 Mart , 2015 03:04
Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatıb

Bakı.6 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildlik işıq üzü görüb.

"Report" xəbər verir ki, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Əsərləri professor Şirməmməd Hüseynov araşdırıb toplayıb, ərəb əlifbasından latın əlifbasına çevirib və lüğəti tərtib edib.

I cildə M.Ə. Rəsulzadənin 1903-1909-cu illərdə "Şərqi-Rus", "Hümmət", "Dəvət", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi" qəzetlərində, "Füyuzat", "Volna" jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilib.

II cilddə görkəmli xadimin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanıb.
III cilddə görkəmli şəxsiyyətin1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda yayınlanmış 200-ə yaxın əsəri yer alıb.
IV cildə M.Ə. Rəsulzadənin 1917-ci ilin yanvar - 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilib.
V cilddə M.Ə. Rəsulzadənin 1918-ci il fevral - 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış 100-dən artıq əsəri toplanıb.
Hər cild 500 nüsxə tirajla "Təhsil" nəşriyyatında çap olunub, nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalar və digər aidiyyəti qurumlar arasında bölüşdürüləcək.

Son xəbərlər

Orphus sistemi