Yuxarı

Azərbaycan Minskdə keçiriləcək kitab sərgisində təmsil olunacaq

Hər il təşkil olunan sərgiyə təqribən 150 000 ziyarətçi və 40-dan çox ölkədən iştirakçılar gəlir

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 11-dən 15-dək Belarusun paytaxtı Minsk şəhərində kitab sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, beynəlxalq kitab sərgisində Azərbaycanın, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil olunması məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Minskə yola düşəcək.

Mədəniyyət və Turizm Nazirliyi artıq doqquzuncu dəfədir Minsk sərgisində təmsil olunur. Builki sərgidə nazirliklə yanaşı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf" nəşrləri də iştirak edəcək.

Sərgi zamanı 200 adda nəşr məhsullarının, habelə çoxlu sayda turizm materiallarının nümayişinin təşkili və Bakıda keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub. 

Eyni zamanda, 11-12 fevral 2015-ci il tarixdə sərgi çərçivəsində baş tutacaq "Yazıçı və zaman" mövzusuna həsr olunmuş ədiblərin beynəlxalq simpoziumunda Azərbaycanı Belarusun informasiya nazirinin şəxsi dəvəti ilə əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu təmsil edəcək. 

Qeyd edək ki, Minsk Kitab Sərgisi, xüsusilə MDB ölkələri arasında nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından əlamətdardır.

Hər il təşkil olunan sərgiyə təqribən 150 000 ziyarətçi və 40-dan çox ölkədən iştirakçılar gəlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi