Yuxarı
    Bağlamaq

    Londonda kitab sərgisi başa çatıb

    Sərgi Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə baş tutub

    Bakı. 17 aprel. REPORT.AZ/ Londonda növbəti beynəlxalq kitab sərgisi keçirilib.

    "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmiz də təmsil olunub.
    Sərgi ekspozisiyasında Qız qalasının təsviri olan 40 kvadratmetrlik sahədə qurulmuş stendimiz xüsusi tərtibatı ilə diqqət çəkib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Tərcümə Mərkəzinin, "Qələm", "Radius", "Altun kitab" nəşriyyatlarının nəşrləri, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş kitab və reklam çap məhsulları nümayiş olunub. Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları, bu il keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilib, kitablar hədiyyə edilib.
    Stendə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

    Sərgidə Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, nəşriyyatların təmsilçiləri iştirak edib. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfiri Tahir Tağızadə stendimizi ziyarət edib.
    Qeyd edək ki, 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan London sərgisində bu il Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyatlar iştirak edib.

    Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ildən ölkəmizi London beynəlxalq kitab sərgisində təmsil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi