Yuxarı
    Bağlamaq

    İstanbulda Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub - VİDEO

    Mərasimə Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi Sevda Tahirli canlı bağlanıb

    İstanbul. 28 aprel. REPORT.AZ/ İstanbulda Türkiyənin Mərmərə Universitetində Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub. 

    "Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir İstanbul Azərbaycan Kültür Evi ilə Mərmərə Universitetinin əməkdaşlığı, Mirzə Ələkbər Sabir Fondunun dəstəyi ilə baş tutub. Mərasimdə ali təhsil müəssisəsinin tələbə və müəllimləri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, şairlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

    Tədbirdə Mirzə Ələkbər Sabirin keçdiyi çətin ömür yolundan və zəngin yaradıcılığından danışılıb. Türkiyəli ədəbiyyatçılar, araşdırmaçı tarixçilər Sabir yaradıcılığını XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan poeziyasının zirvəsi adlandırıblar. Onun Azərbaycan şeir tarixində yeni bir başlanğıcın adı, türk mizahının güclü qələmi olduğu dönə-dönə vurğulanıb.

    Qeyd olunub ki, Mirzə Ələkbər Sabirin fədakar, qayğıkeş, mehriban ailə başçısı olması şairin həyatını az-çox araşdıran hər kəsə məlumdur. 

    Mərasimə canlı bağlanan Sabirin nəvəsi,  Mirzə Ələkbər Sabir Fondunun təsisçisi Sevda Tahirli şairin həyatının bir çox məqamlarından danışıb. Sabun bişirərək ailəsini dolandırmağa çalışan şairin kasıb, imkansız olmasına baxmayaraq, daima xalqının maariflənməsi üçün çalışdığını deyib. Yaşadığı cəmiyyətin ciddi nöqsan və çatışmazlıqlarını öz satiralarında kəskin şəkildə tənqid etməklə xalqın problemini elə insanların öz dilindən yazdığını deyən Sevda Tahirli onun seçdiyi özünəməxsus mübarizə yolundan bəhs edib. Sabirin satirik şair kimi öz imzasını qoyduğu "Molla Nəsrəddin" jurnalından da söz açılıb, şairin şeirlərinin toplusu olan “Hop-Hopnamə” kitabını Türkiyədə də geniş kütlələrin əldə etməsi üçün dəstək istədiyini bildirib. 

    Tədbirdə aktyorların ifasında şairin şeirlərindən parçalar səsləndirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi