Yuxarı

İstanbul kitab sərgisinin Azərbaycan bölməsində nümayiş olunan nəşrlər ziyarətçilərə paylanıb

Bölmədə Azərbaycan həqiqətləri ilə bağlı kitab, jurnal və broşürlər sərgilənib

Bakı. 10 noyabr. REPORT.AZ/ İstanbulun TÜYAP sərgi mərkəzində keçirilən 34-cü Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qurulan Azərbaycan bölməsi kitabsevərlər tərəfindən maraqla qarşılanıb.

Bölmədə ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir kitablar, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri ilə bağlı 26 dildə işıq üzü görən nəşrləri, uşaqlar üçün maralı ədəbiyyatlar, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm imkanlarını təbliğ edən kitab, jurnal və broşürlər sərgilənib.

Mədəniyyət və Turizm Nazirliyinə aid hissədə Prezident İlham Əliyevin Sərəncamına əsasən latın qrafikalı əlifba ilə çap olunan çoxsaylı nəşrlər, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti, “Kitabi Dədə-Qorqud” ensiklopediyaları, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin və digər görkəmli yazıçı və şairlərimizin əsərləri, dünya ədəbiyyatından nümunələr təqdim olunub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair, həmçinin ölkəmizin tarixini, iqtisadiyyatını, memarlığını, müasir inkişafını və digər sahələri əhatə edən video-slaydları bölmədə qurulmuş monitorda nümayiş etdirilib.

“Kaspi” Şirkətlər Qrupuna aid hissədə bu qurumun himayəsi ilə İstanbulda nəşr olunan “Hüseyn Cavid. Əsərləri” kitabı, “Hüseyn Cavid. Vətənə qayıdış” məqalələr toplusu və eyni adlı fotoalbom, Hüseyn Cavidin İranda fars dilində çap olunmuş “Şeyx Sənan” və “Peyğəmbər” əsərləri, “Üç əsrin qəzeti” və “Haqqın var yaşamağa” kitabları, həmçinin “Kaspi”nin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Azərbaycan, türk və fars dillərində çap olunmuş “Arazbarı” və “Türkün gəlişi” kitabları sərgilənib. Bölmədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da yer alıb.

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası isə sərgidə AMEA institutlarının elmi jurnallarını və Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, memarlığı, mətbəxi və digər sahələri əhatə edən çoxsaylı kitabları təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi