Yuxarı

“Hidayət” kitabı 3 dildə nəşr olunub

Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb

Bakı. 7 mart. REPORT.AZ/ Görkəmli şair, publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovun həyatı, fəaliyyəti və yaradıcılığına həsr edilən “Hidayət” kitabı 3 dildə nəşr olunub.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş bu kitabın tərtibçi redaktoru Səfalı Nəzərlidir.

Kitabı, ingilis dilinə Aida Süleymanova, rus dilinə isə Səyavuş Məmmədzadə və Vaqif Əjdəroğlu tərcümə edib.

Şair, publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovun həyatı, fəaliyyəti və yaradıcılığının əks olunduğu bu fotoalbomda müxtəlif dəyərli fikirlər, nadir fotoşəkillər toplanıb.

Azərbaycan, ingilis, rus dillərində hazırlanan kitab 3 bölmədən ibarətdir: “Ailə...İllər...Yollar”, “Sənət”, “Siyasət”. Oxucular bu kitabda Hidayət Orucovun yazıçı, incəsənət xadimi, Dövlət müşaviri, səfir, ailə başçısı və yaradıcı bir insan kimi parlaq və monumental simasını görə biləcək.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Qeyd edək ki, H.Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. O, 2006-cı ildən 2012-ci ilədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. S.Nəzərli isə onun dövründə Dövlət Komitəsində Ümumi şöbənin müdiri və Aparat rəhbəri vəzifələrində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi