Yuxarı

Azərbaycan Prezidenti Fikrət Qocanı 80 illik yubileyi münasibətilə təbrik edib

Xalq şairi Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Şərəf” ordeni ilə təltif edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Göyüş oğlu Qocayevin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Fikrət Qoca Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Dövlət başçısı həmçinin xalq şairi Fikrət Qocanı 80 illik yubileyi münasibətilə təbrik edib. Təbrik mətnində deyilir: 

"Hörmətli Fikrət Qoca!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Siz xalqımızın söz sənəti xəzinəsinə ötən əsrin 60-cı illərindən etibarən ənənə və novatorluğun qovuşuğunda özünüzə xas ifadə tərzi ilə dəyərli töhfələr bəxş etmiş şəxsiyyətlərdənsiniz. Mənəvi ucalığa çağırışla, lirik-fəlsəfi düşüncələrlə zənginliyi əsərlərinizi geniş oxucu kütləsinə daha çox sevdirmişdir.

Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemalarınızın gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyəti vardır. Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnən yaradıcılığınız bütövlükdə ana dilimizə sevgi və ehtiramın parlaq təzahürüdür. Sözlərinizə musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış çox sayda mahnının bəstələnməsi Sizin bədii sözün hüdudsuz imkanlarından daim ustalıqla faydalandığınızı göstərir.

Müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində çoxillik fəaliyyətiniz təqdirə layiqdir. Ümidvaram ki, vətəndaşlıq qayəsi ilə yoğrulan əsərləriniz hələ neçə illər bundan sonra da xalqımıza xidmət göstərəcəkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi