Yuxarı
    Bağlamaq

    “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı davam etdirilir

    Kitabın satış aksiyası Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzinin ikinci mərtəbəsində təşkil olunur

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alan və yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabının satış aksiyası davam etdirilir.

    "Report" xəbər verir ki, kitabın satış aksiyası Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzinin ikinci mərtəbəsində təşkil olunur və bu gün saat 21:00-dək davam edəcək.

    Kitabın satışından toplanacaq vəsait bütövlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək, müəllifin hazırda müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın hesabına köçürüləcək. Əli Əliyev həmin xəstəxananın reanimasiya şöbəsindədir.

    Dünəndən başlayan kampaniyaya qoşulanlar arasında deputatlar Qənirə Paşayeva, Aydın Mirzəzadə, Mahir Abbaszadə, Aqil Abbas, Bəxtiyar Əliyev, Rəfayel Cəbrayılov, Hikmət Babaoğlu, Fuad Muradov, Musa Qasımlı, Flora Qasımova, İmamverdi İsmayılov, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Ülvi Quliyev, keçmiş millət vəkili Əlövsət Ağalarov, Laçın rayonundan olan ziyalılar, eləcə də Əli Əliyevin və övladlarının yaxın dostları, mətbuat orqanlarının baş redaktorları, dövlət qurumlarının təmsilçiləri, QHT rəhbərləri, ictimaiyyət nümayəndələrinin üzvləri olub. 

    Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadə bildirib ki, kampaniyanın ilk günündə 600 nüsxə kitabdan təxminən yarısı satılıb və 4 520 manat pul toplanıb: “Bu vəsait atamın 15 gün müddətində Mərkəzi Klinik Xəstəxanada müalicəsini davam etdirəməyə imkan verəcək. Bir daha hər kəsi bu kampaniyaya qoşulmağa və 7 aydır komada olan atama yardım etməyi xahiş edirəm”. 

    Qeyd edək ki, Əli Əliyev fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metro stansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub.

    Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

    Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var. Oğlu İmdad Əlizadə Azərbaycanın əməkdar jurnalistidir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

    Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Kitabın ilk tirajının bütün nüsxələri oxuculara pulsuz paylanıb.

    Qeyd edək ki, Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yarandığından son günlər yardım kampaniyasına başlanıb. “Əlli dörd gün erməni mühasirəsində” kitabının təkrar nəşri və kitabın “Park Bulvar”da iki günlük satışı aksiyası bu kampaniyanın tərkib hissəsidir. Hər kəs aksiyada iştiraka dəvət olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi