Yuxarı
    Bağlamaq

    Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü restavrasiya olunub

    Layihəni Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi həyata keçirib

    Bakı. 5 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün restavrasiyası və büstətrafı ərazinin abadlaşdırılması işi həyata keçirilib.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, habelə Özbəkistandakı soydaşlarımız Azərbaycanın Özbəkistandakı səfirliyinə məktubla müraciət edərək şəhərin mərkəzi hissəsində, Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında yerləşən Nizami Gəncəvinin büstünün, büstətrafı ərazinin təmirə ciddi ehtiyac yarandığını bildiriblər.

    Məsələ ilə əlaqədar olaraq Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xüsusi komissiya yaradıb və əraziyə baxış keçirilib.

    Qeyd edək ki, 2004-cü ildə Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin Daşkənddə onun adını daşıyan Dövlət Pedaqoji Universitetinin qarşısında abidəsi qoyulub.

    Abidənin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov iştirak edib. 

    2014-cü ilin oktyabr ayında Özbəkistanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəziyyət barədə məlumatlandırılıb və Mədəniyyət və Turizm Nazirliyi sözügedən işlərin həyata keçirilməsi üçün tələb olunan xərcləri öz üzərinə götürüb.

    Layihəni Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi həyata keçirib, aparılan işlər nəticəsində Daşkənddəki Nizami Gəncəvinin büstü restavrasiya edilib, büst ətrafında yerləşən ərazi tamamilə abadlaşdırılıb, bərbad vəziyyətə düşmüş metlax və mərmər örtüyü yeniləri ilə əvəz olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi