Yuxarı

Çingiz Abdullayevin doğum günüdür

Dünəndən telefonum susmur

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın dünya şöhrətli yazıçısı, nasir, publisist Çingiz Abdullayevin doğum günüdür. Yazıçının 56 yaşı olur.

Ç.Abdullayev "Report"a açıqlamasında doğum günlərini xüsusi qeyd etməyi sevdiyini, dünəndən telefonunun susmadığını deyib: "Dünəndən telefon zənglərinə, təbriklərə cavab verməklə məşğulam. Televiziyalar, jurnalistlər zəng edirlər. Dünən iki verilişə çəkildim. Bu gün isə dostlarım və qohumlarımla süfrə arxasında əyləşib dünyaya gəlişimi qeyd edəcəm. Mən ümumiyyətlə ad günlərimi qeyd etməyi sevirəm. Bu gün də belə olacaq. Ən yaxın dostlarım və qohumlarımla şad günümü qeyd edəcəm. Doğum günümdə iştirak etmək üçün oğlum və qızım xüsusi olaraq İngiltərədən gəliblər. Məni görmək, təbrik etmək üçün gəliblər. Bundan gözəl nə ola bilər?! Məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm".

Xatırladaq ki, dünya şöhrətli detektiv yazıçı 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.

1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.

Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi