Yuxarı

Cabir Novruzun xatirəsinə həsr olunmuş “Məni axtararsınız şeirlərimdə” adlı ədəbi-bədii gecə keçirilib

Tədbir İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində təşkil edilib

Bakı. 15 mart. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan İ.Əbilov adına Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, xalq şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş “Məni axtararsınız şeirlərimdə” adlı ədəbi-bədii gecə keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidməti yayıb.

Tədbir şairin səsi ilə yazılmış “Sağlığında qiymət verin insanlara” şeirinin səslənməsi ilə başlayıb.

Mərkəzin direktoru Aida Muradova qonaqları salamlayıb və Cabir Novruzun həyat və yaradıcılığından, onun poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil etməsindən, əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşməsindən söz açıb.

Şairin qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçildiyini, şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnıların musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılandığını qeyd edib.

Həmçinin, Cabir Novruzun əsərlərinin dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasından, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusunun dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmasından danışıb.

Tədbirdə iştirak edən əməkdar artist Yusif Mustafayev, müğənni Mirməmməd Mircavadov, müğənni Aslan Hüseynov, filoloq Ayşən Nəcəfli, əməkdar artist Süleyman Zeynalov, bəstəkar Gülnarə Abbasquluyeva Cabir Novruz haqqında ürək sözlərini söyləyiblər.

Ə.Ələkbərov adına xalq teatrının üzvləri Cabir Novruzun şeirlərini səsləndiriblər.

Tədbirin sonunda şairin oğlu Müşviq Cabiroğlu ailə adından minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi