Bolqarıstanda Hüseyn Cavidin 135 illiyi qeyd edilib

Bolqarıstanda Hüseyn Cavidin 135 illiyi qeyd edilib Şairin əsərləri bolqar dilinə tərcümə olunub
Ədəbiyyat
30 Oktyabr , 2017 01:51
Bolqarıstanda Hüseyn Cavidin 135 illiyi qeyd edilib

Sofiya. 30 oktyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illiyi münasibətilə konfrans keçirilib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, konfrans Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA Hüseyn Cavidin Ev Muzeyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə çıxış edən Azərbaycan Bolqarıstandakı səfiri Nərgiz Qurbanova görkəmli dramaturqun keşməkeşli həyat yolundan, çoxşaxəli və zəngin yaradıcılığından danışıb. Səfir qeyd edib ki, yubiley ərəfəsində şairin “Maral” və “Şeyda” əsərləri bolqar dilində nəşr olunaraq oxucuların ixtiyarına verilib.

Bolqarıstan Elmlər Akademiyasının sədr müavini Vasil Nikolov əlamətdar hadisənin qeyd edilməsinin iki ölkə və onların mədəniyyətləri arasında əlaqələrin dərinləşməsi üçün unikal imkan olduğunu vurğulayıb. "Müxtəlif insanların yaradıcılığı ilə tanış olan zaman, biz həmçinin müxtəlif ölkələrin mədəniyyəti və həyatı ilə də tanış oluruq"- deyə o, əlavə edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında Şərqin Bayronu və Şekspiri hesab olunan Hüseyn Cavidin əsərlərinin uzun illər ərzində teatr səhnələrində yer aldığını diqqətə çatdırıb. AMEA Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Hüseyn Cavidin Ev muzeyinin direktoru Gülbəniz Babaxanlı və digərləri çıxışlarında Hüseyn Cavid həyat və yaradıcılığından söz açaraq Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələr barədə qonaqlara məlumat veriblər. Sonra tələbələr Hüseyn Cavidin bolqar dilinə tərcümə olunan “Maral” və “Şeyda” əsərlərindən parçalar səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi