Yuxarı

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi mərhələləri dəyişdiriləcək

Ədəbiyyat tarixinin dövrləşdirilməsi 10 mərhələdən ibarət olacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi mərhələləri dəyişdiriləcək. "Report" xəbər verir ki, bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsini təqdim edib.

Belə ki, məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 10 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib.

İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonrakı dövrdə də Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi sovet hakimiyyəti illərində qəbul edilən prinsiplər üzərində cüzi dəyişikliklər edilməklə mövqeyini saxlayıb: "Bu sahədə ciddi bir addım atılmayıb. Aradan keçən 23 il ərzində digər humanitar və ictimai elmlər sahəsində olduğu kimi, Azərbaycan ədəbiyyatında da dövrləşdirilmənin istiqamətlərinin konkretləşdirilməsi problemini aktual bir məsələ kimi ortaya çıxarıb".

Alim çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və azərbaycançılıq məfkurəsi kimi prinsiplərin mayor kimi nəzərə alınmasını elmi baxımdan əsaslandırıb.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası aşağıdakı mərhələləri əhatə edir: Qədim dövr Azərbaycan ədəbiyyatı, Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı, İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü, Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi, Erkən ən yeni dövr və keçid dövrü.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixi hazırda Qədim dövr, Orta dövr, Yeni dövr (AXC dövrü), Ən yeni dövr (Sovet dövrü 60-cı illərə qədər, 60-cı illərdən başlayaraq), Müstəqillik dövrü mərhələlərinə bölünür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi