Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Ən yaxşı şeir müsabiqəsi - 2014” müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Ən yaxşı şeir müsabiqəsi - 2014” müsabiqəsinin qaliblərini təbrik edib, layihəyə dəstək verənlərə təşəkkürünü bildirib.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan 106 şeirin hər biri münsiflər heyəti tərəfindən müzakirə olunub. Gənc istedadların, həmçinin orta nəsildən olan şairlərin çap olunmaq çətinliyini nəzərə alaraq birinci yerin qalibini və ən yaxşı şeirlərin müəlliflərinin hər birinin 10 şeirini “10 şair - 100 şeir” poeziya almanaxı şəklində nəşr edilib.
Müsabiqədə birinci yerin qalibi, Gürcüstanda yaşayan həmyerlimiz İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev xüsusi diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Münsiflər Heyətinin qərarına görə, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam Yaşar, Səyyarə Məmmədli, Adil Cəmil, Şəbnəm Xeyrulla, Ələmdar Cabbarlı diplomlarla mükafatlandırılıblar.
Mərasimdə çıxış edən İbrahimxəlil Tamıyev, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, İntiqam Yaşar, Ələmdar Cabbarlı müsabiqənin obyektiv keçirilməsinə görə təşkilatçılara, münsiflər heyətinə təşəkkür edib, şeirlərini səsləndiriblər.

