Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib

Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı Adil Cəmilin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Ədəbiyyat
17 Oktyabr , 2019 16:03
Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib

Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı Adil Cəmilin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Mətbuat Şurası və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edərək yubilyarın həyat və yaradıcılığından söz açıb. O bildirib ki, A.Cəmil bütün titulları ilə yanaşı, iliyinə qədər şairdir: "Mənə elə gəlir ki, Kəlbəcərdə doğulub şair olmamaq günah olar. Adil Cəmil həm də bir çox filmlərin tərcüməçisidir".

Ə.Amaşov çıxışından sonra Mətbuat Şurası tərəfindən təltif olunan diplomu A.Cəmilə təqdim edib.

Xalq şairi Sabir Rüstəmxanlı isə A.Cəmili 1978-ci ildən tanıdığını bildirib. O qeyd edib ki, ilk tanışlıq A.Cəmilin işlə bağlı redaksiyaya gəlişindən sonra baş tutub: "Biz onunla birlikdə işləmişik. Mən bu müddət ərzində Adil Cəmilin yüksək əxlaqı keyfiyyətləri ilə seçilən bir insan olduğunun şahidi oldum. Çox savadlı jurnalist dostumuzdur. Mən ona cavan dostum kimi baxıram. Onu mənə sevdirən həm də yaradıcılığıdır. Adilin şeirləri sevgi, təbiətə bağlılıq, yurd, Vətən sevgisi üzərində qurulub. Adil bütün bunlardan əlavə doğuluşdan şairdir".

Tədbirdə A.Cəmilin təhsil aldığı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli çıxış edib. O, yubilyarın tələbəlik illərindən söz açaraq bildirib ki, BDU-da ilk dəfə müəllim kimi məhz A.Cəmilin də olduğu tələbələrin kursunda mühazirə oxuyub. N.Əhmədli tələbələrinin yubiley mərasimlərində iştirak etməyin müəllim üçün ən böyük xoşbəxtlik olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında birliyin sədri Qənbər Qurbanovun salamlarını çatdırıb. O, yubiley mərasiminin keçirilməsində təşkilatçılıq etdiyi üçün Mətbuat Şurasına təşəkkürünü bildirib. H.Misirov qeyd edib ki, A.Cəmil istedadlı şair olduğu qədər həm də istedadlı jurnalistdir: "Onun bütün yaradıcılığı yüksək istedadla ərsəyə gəlib. Təbii ki, işğal altında olan Kəlbəcərin yanğısı səbəbilə Adil Cəmilin külliyyatında Vətən həsrəti önə çəkilə bilər. Amma, ümumilikdə, onun bütün yaradıcılığı sevgi üzərində qurulub".

H.Misirov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən təltif olunduğu fəxri diplomu Adil Cəmilə təqdim və ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra "Azərnəşr"in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov, qocaman şair Ramiz Məmmədov və digərləri çıxış edərək yubilyarın həyat və yaradıcılığı haqqında söz açıblar.

Tədbir yubilyarın şair, jurnalist dostları və tələbə yoldaşlarının çıxışları ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi