“Açıq kitabxana” layihəsinin təqdimatı keçirilib

“Açıq kitabxana” layihəsinin təqdimatı keçirilib Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib
Ədəbiyyat
15 İyul , 2016 20:43
“Açıq kitabxana” layihəsinin təqdimatı keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin təqdimatı keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Kitabsevərlərin marağına səbəb olacaq yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir.

Milli Kitabxananın direktoru Kərim Tahirov açıq kitabxananın 24 saat ərzində insanların sərbəst şəkildə kitab mütaliə etməsinə imkan verəcəyini deyib: "Burada oxucularla yanaşı, yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablar da yer alacaq. Açıq kitabxanada Azərbaycanda və xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması da təşkil olunacaq. Bir sözlə, yeni layihə oxucularla müəlliflərin görüş yerinə çevriləcək, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını yerin yetirəcək. Yeni kitabxanada uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşəsi də yaradılıb."

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni layihənin əhəmiyyətindən söz açıb: “Bu gün heç bir məhdudiyyət olmadan gecə-gündüz fəaliyyət göstərən bir kitab guşəsi insanların istifadəsinə verilir. Burada kitabların mütaliəsi ilə bərabər, mübadiləsinə də gözəl bir şans yaranıb. Layihədən kitabı sevən hər kəs sərbəst, qeydiyyatsız ondan yararlana biləcək. Bu layihə mütaliə prosesinə də təkan verəcək. Artıq bu təcrübə respublikanın bir sıra rayonlarında da tətbiq olunmağa başlayıb. Rayonlardan fərqli olaraq burada xidmət 24 saat nəzərdə tutulub”.

Nazir qeyd edib ki, bu cür layihələr insanları kitaba daha da yaxınlaşdırır. Şəhərdə fəaliyyət göstərən istirahət mərkəzlərində belə guşələrin yaradılması müsbət qarşılanır və müxtəlif park və kitabxanalarda layihəni davam etdirmək məqsədəuyğundur.

Onun sözlərinə görə, kitab yaşayır və Azərbaycan həmişə kitabsevər ölkə kimi tanınıb. Respublikamızda fəaliyyət göstərən kitabxanalar müasir metodologiyalara uyğun fəaliyyətlərini davam etdirir: "Region kitabxanalarının böyük əksəriyyəti rayonlarının iqtisadi inkişafı baxımından maraqlı olan istiqamətlərə xüsusi önəm verir, bu sahəyə aid ədəbiyyatla əhalini təmin edir, konfrans və seminarlar keçirirlər. Ümidvaram ki, gənc nəsil də yeni texnologiyaların inkişafına baxmayaraq, hər zaman kitaba maraq göstərəcək. Çünki kitab tələsən dünyada sakitlik və düşüncə mənbəyidir”.

Son xəbərlər

Orphus sistemi