85 yaşlı azərbaycanlı yazıçı iki yeni dram əsəri yazıb

85 yaşlı azərbaycanlı yazıçı iki yeni dram əsəri yazıb Hər iki əsər Akademik Milli Dram Teatrına təqdim edilib
Ədəbiyyat
12 May , 2015 12:52
85 yaşlı azərbaycanlı yazıçı iki yeni dram əsəri yazıb

Bakı. 12 may. REPORT.AZ/ Tanınmış yazıçı-jurnalist Əfqan Əsgərov yenicə bitirdiyi iki dram əsərini Akademik Milli Dram Teatrına təqdim edib.

Bu barədə "Report"a yazıçı Əfqan məlumat verib.

Akademik Milli Dram Teatrında uğurla nümayiş edilən "Oliqarx" əsərindən sonra yazıçı yeni əsərlərini də bu teatra təqdim etməyi düşünüb.

"Lənət şeytana" və "Xaqan" adlı iki dram əsərinin Akademik Milli Dram Teatrında qəbul edildiyini deyən yazıçı, hər iki əsərin gələcəkdə tamaşaya qoyulacağına ümid etdiyini bildirib:

"Əsərləri teatra təqdim etmişəm. Hər iki əsəri oxuyublar. "Lənət şeytana" adlı dram əsərim çox bəyənilib. Yəqin gələcəkdə səhnəyə qoyular. Əgər səhnəyə qoyulsa, "Oliqarx"dan güclü tamaşa olacaq. Mən buna inanıram.

İkinci dram əsərim isə "Xaqan" adlanır. Böyük sərkərdə Atillanın həyatından bəhs edir. Bu əsərdə Atillanın yaşamını və xüsusilə də, ölümünü başqa cür göstərmişəm. Maraqlı tamaşa olacaq. Mənim işim yazmaq və əsərləri teatra təqdim etməkdir. Qəbul etmək və tamaşaya qoymaq teatrın işidir".

Xatırladaq ki, yazıçı-jurnalist Əfqan Əsgərov 1929-cu ildə anadan olub.

Əfqan Əsgərovun “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.

Dramaturgiya sahəsində də qələmini sınayan Əfqanın “Sarı əlcək”, “O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam” adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanan “Qız atası” komediyası Əfqanın ən yaxşı pyeslərindən sayılır. “Qız atası” komediyası həm də teatrlarda ən çox oynanılan tamaşalardan biridir.

2014-cü ildə yazıçının 85 illik yubileyi qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi