Yuxarı

Pan Gi Mun: "Suriyada humanitar vəziyyət pisləşir"

İnsanlara yardım göstərilməsi müxtəlif üsullarla əngəllənir

Bakı. 24 yanvar. REPORT.AZ/ "Suriyada ölən mülki vətəndaşların sayı durmadan artır və humanitar vəziyyət gündən-günə pisləşir. Daxili mübarizənin hökm sürdüyü Suriyada hava hücumları hələ də davam edir və mühasirə altındakı 212 min nəfərə yardım göndərilmir". "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikirləri BMT baş katibi Pan Gi Mun deyib.

Onun sözlərinə görə, Suriyaya humanitar yardım göndərilməsinə dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi aylıq hesabatda ölkədəki humanitar vəziyyətin pisləşdiyi qeyd olunub: "Ölkədəki rejimin mülki vətəndaşların yaşadığı bölgələrə bombalar və ağır silahlarla keçirdiyi əməliyyatlarda çoxlu sayda insan ya həyatını itirib, ya da şikəst qalıb. Hətta ötən ilin dekabr ayında bombalı hücumlarda ölənlərin sayında kifayət qədər artım olub".

Baş katib həmçinin qeyd edib ki, 212 min insan hələ də təhlükəsizlik, səhiyyə və ərzaq yardımından məhrum vəziyyətdədir: "Həmin insanlara yardım göstərilməsi müxtəlif üsullarla əngəllənir".

BMT Təhlükəsizlik Şurasına təqdim edilən aylıq hesabatda İŞİD-in fəaliyyətinə də toxunan Pan Gi Mun Suriyanın üçdə birini əlində saxlayan təşkilatın insan haqlarını pozan əməlləri davam etdirdiyini söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi