Yuxarı

Yeni Zelandiyada məscidlərdə atəş açılmasından sonra 4 nəfər saxlanılıb - VİDEO

KİV-in məlumatına görə, atəşi bu ölkədə yaşayan avstraliyalı Brenton Tarrant açıb
© Reuters

Yeni Zelandiyanın Kraystçörç şəhərinin məscidlərində atəş açılmasından sonra 4 nəfər saxlanılıb.

"Report" "9news"a istinadən xəbər verir ki, bu barədə yerli polis komissarı Mayk Buş məlumat verib.

O, polisin 3 kişi və 1 qadını saxladığını təsdiqləyib. Polis komissarı saxlanılanlar barədə əlavə məlumat verməyib.

M.Buş həmçinin mətbuat konfransında deyib ki, Yeni Zelandiyanın hüquq-mühafizə orqanları bir neçə əldəqayırma partlayıcı qurğu aşkar edib.

Yerli KİV-in məlumatına görə, Yeni Zelandiyanın məscidlərində atəşi bu ölkədə yaşayan avstraliyalı Brenton Tarrant açıb. O, hücum anını "Facebook" sosial şəbəkəsində yayımlayıb və internetə 37 səhifəlik manifest yerləşdirib. Bu şəxs Almaniya kansleri Angela Merkel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə hesablaşmaq istədiyini açıqlayıb.

Xatırladaq ki, Yeni Zelandiyanın Kraystçörç şəhərindəki "Əl-Nur" və "Linvud" məscidlərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 27 nəfər ölüb, daha 40 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi