Bakı. 10 dekabr. REPORT.AZ/ Yaponiya parlamenti aşağı səviyyəli əcnəbi işçilər üçün ölkəyə giriş imkanı verən qanun qəbul edib.
Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.
Buna qədər bu məsələdə yaponların işçi miqrantlara qarşı ənənəvi mənfi münasibəti ilə əlaqədar ciddi məhdudiyyətlər var idi. Qarşıdakı beş ildə əmək resurslarının kəskin çatışmazlığını yaşayan ölkəyə, təqribən, 345 min nəfərin gələcəyi gözlənilir.
İşçi vizasının iki yeni kateqoriyası yaradılıb. Birinci kateqoriya viza aşağı ixtisaslı işlərdə çalışanlar üçün nəzərdə tutulub və Yaponiyaya ailənin də gətirilməsinə imkan vermir. İkinci kateqoriya isə daha yüksək ixtisaslı işçilər üçündür və mütəxəssisin həyat yoldaşı və uşaqlarının ölkəyə daxil olmasına icazəni nəzərdə tutur.
Ölkədə aşağı ixtisaslı işlər üzrə ən çox kadr tələbatı əsasən mehmanxana biznesində, tibb sahəsində (xadimə, baxıcı), yaşlıların qayğısına qalmaq sahəsində, tikintidə və s. müşahidə olunur. Qanuna 14 belə sahədə əcnəbilərin işə qəbuluna imkan verir.
Qeyd edək ki, buna qədər Yaponiyada dünyanın ən sərt miqrasiya qanunlarından biri qüvvədə olub.