"Qadınlar və yeni doğulan körpələr doğuş zamanı və ondan dərhal sonra ən həssas subyektlərdir. Hesablamalara görə, dünyada hər il 2,8 milyon, hər 11 saniyədə isə bir hamilə qadın və yeni doğulmuş körpə ölür".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq ölümü ilə bağlı hesabatında əksini tapıb.
Daha yaşlı uşaqlar da risk qrupuna daxildir. 2018-ci ildə dünyada yaşı 15-ə qədər olan 6,2 milyon uşaq ölüb, onlardan da, təxminən, 5,3 milyonu uşaqların həyatının ilk 5 ilində olub. 2017-ci ildə isə 290 mindən çox qadın hamiləlik və doğuş zamanı yaranmış ağırlaşmadan ölüb.
Qeyd olunur ki, dünyada əldə olunan irəliləyişlərə və uşaq ölümünün azalmasına baxmayaraq, doğuşdan dərhal sonra və ya həyatın ilk illərində uşağın ölüm təhlükəsi yüksək olaraq qalır.
Eyni zamanda ÜST qeyd edir ki, 2000-ci ildən bu yana uşaq ölümü yarıbayarı, ana ölümü isə üçdə bir nisbətdə azalıb.