Yuxarı

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Bu gün Türkiyədə sayca 19-cu olan bələdiyyə seçkiləri başlayıb. "Report" xəbər verir ki, Ali Seçki Komissiyasının qərarına əsasən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İğdır və Kilis şəhərində bələdiyyə seçkilərinə səs vermə prosesi başlayıb.

Bu ərazilərdə səs vermə prosesi yerli vaxtla saat 16.00-da tamamlanacaq. Ölkənin digər regionlarında isə səs vermə saatları yerli vaxtla 08.00-dən 17.00-dək olacaq.

Seçkidə 57 milyon vətəndaş səsvermə hüququndan istifadə edəcək. 1 milyon 156 min vətəndaş isə ilk dəfə səs verəcək. Ən çox seçici İstanbulun payına düşür - 10 milyon 560 min 96 nəfər. Paytaxt Ankara şəhərində isə 3 milyon 922 min 163 seçici səs verəcək.

Seçki məntəqələrinə 194 min 390 səsvermə qutusu qoyulub. Artıq Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Seçkilərdə 30 böyükşəhər bələdiyyəsi, 81 vilayət və 922 rayon bələdiyyəsinə aid 1389 yer uğrunda 8270 namizəd mübarizə aparacaq.

Seçkidə müstəqil namizədlər və 12 siyasi partiya iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası ilə yaratdığı “Cümhur İttifaqı”yla seçkiyə gedəcək. Onların əsas rəqibi isə Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi, Səadət Partiyasının qoşulduğu “Millet İttifaqı”dır.

Ümumilkdə Daxili İşlər Nazirliyinin 39 min nəfərlik şəxsi heyəti seçkinin təhlükəsizliyini qoruyacaq. Bundan başqa yerli vaxtla saat 18.00-a kimi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü il martın 30-da olub. Bu seçkilərdən sonra yaxın 4 il 6 ayda Türkiyədə seçkilər keçirilməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi