Suriyanın İdlib bölgəsinə hava hücumu olub: 11 ölü, 13 yaralı var

Suriyanın İdlib bölgəsinə hava hücumu olub: 11 ölü, 13 yaralı var Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib
Digər ölkələr
29 Yanvar , 2018 14:05
Suriyanın İdlib bölgəsinə hava hücumu olub: 11 ölü, 13 yaralı var

Bakı. 29 yanvar. REPORT.AZ/ Suriyanın İdlib bölgəsinə yanvarın 29-da bazara havadan edilən hücum nəticəsində 11 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu İdlib mülki müdafiə bölməsinin müdri Mustafa Hac Yusuf bildirib.

Onun sözlərinə görə, xilasetmə işləri başa çatıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası Suriyanın İdlib əyalətinə daxil olub. Onlar Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq İdlibə giriblər. Ərazi Astanada baş tutan altıncı görüşdə “münaqişəsiz” bölgə elan edilib.

Təminatçı üç dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcəklər. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır. Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.

Ötən ay Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı silahlılar İdlibdə Türkiyə hərbçilərinin yerləşdiyi əraziləri bombalamışdı. Türkiyə hadisə ilə bağlı İran və Rusiyaya etirazını bildirmişdi.

Xatırladaq ki, İdlib Türkiyənin Hatay əyaləti ilə həmsərhəddir.

Son xəbərlər

Orphus sistemi