Yuxarı

SNJ peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı polis zorakılıqlarını pisləyib

Paris. 17 dekabr. REPORT.AZ/ Fransa Jurnalistləri Həmkarlar İttifaqı (SNJ) noyabr 17-də başlamış “sarı jiletlilər“in etiraz aksiyalarının mətbuatda işıqlandırılması zamanı jurnalistlərin, fotoqrafların peşə borclarını yerinə yetirərkən üzləşdikləri çətinliklər barədə, xüsusən asayiş keşikçiləri tərəfindən KİV nümayəndələrinə qarşı edilən zorakılıq halları ilə bağlı həyəcan təbili çalıb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, həmkarlar ittifaqı mətbuat üçün yaydığı bəyanatda media nümayəndələrinin şəxsi mühafizə vasitələrinin - qaz əleyhinə maskaların, eynəklərin və s. polis əməkdaşları tərəfindən alındığını, çəkiliş avadanlıqlarının sındırıldığını, "Flash-ball" ilə qəsdən vurulma hallarının baş verdiyini bildirib. Qeyd edilir ki, polis əməkdaşının zərbəsi nəticəsində “Journal du Dimanch“ qəzetinin fotoreportyorunun əli sınıb. Digər fotoreportyor isə peşə vəzifəsini yerinə yetirərkən iki barmağını itirib.

Fransa Jurnalistləri Həmkarlar İttifaqı (SNJ) bəyanatda demokratiyanın mühüm dayaqlarından hesab edilən Fransada mətbuat nümayəndələrinə qarşı belə halların yoverilməz olduğunu bildirib. Bəyanatda qeyd edilir ki, SNJ hələ dekabrın 1-də baş verənlərlə bağlı Fransa Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.

SNJ özünün "Twitter" hesabında məsələ ilə bağlı Avropa Şurasına müraciət etdiyini də vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi