​Səudiyyə Ərəbistanında başlıq pulu azaldılır

​Səudiyyə Ərəbistanında başlıq pulu azaldılır Ölkədə hətta 2,66 milyon dollar məbləğində başlıq pulu verilməsi faktı da qeydə alınıb
Digər ölkələr
21 Avqust , 2015 12:54
​Səudiyyə Ərəbistanında başlıq pulu azaldılır

Bakı. 21 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanında ərə getməyən qadınların sayının çox olması səbəbindən onlara verilən başlıq pulunun azaldılması haqda qərar qəbul edilib.

"Report" "News.ru"ya istinadən xəbər verir ki, bu haqda Məkkə əyalətinin valisi, Səudiyyə Ərəbistanı kralı Salmanın müşaviri Xalid əl-Faysal yerli hökumət orqanlarına uyğun göstəriş göndərib.

Həmin göstərişə əsasən, hazırda verilən başlıq pulu əgər gəlin bakirədirsə, 13,3 min dollar, gəlin bakirə deyilsə, boşanmış və ya duldursa, 8 min dollar azaldılacaq.

Bu addımın atılmasına səbəb kimi gəlinin ailəsinin istədiyi başlıq pulunun çox olması və qızların ərə getməsinin azalması göstərilib. Evlənmək üçün gəlinin ailəsinə verilən başlıq pulunun məbləği çox olduğundan, səudiyyəli kişilər əcnəbi qızlarla evlənməyə üstünlük verir.

Məlumatda bildirilib ki, 2010-2014-cü illərdə Səudiyyə Ərəbistanında ərə getməyənlərin sayı 1,5 milyondan 4 milyonadək çoxalıb.

Şahzadə Faysal krallıq valiləri və tayfa ağsaqqallarını ölkə ərazisində vahid və maksimum başlıq müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirməyə çağırıb.

Onun bu təşəbbüsünü iki din xadimi dəstəkləyib. Ciddədə kəbin müqavilələrinin tərtib edilməsinə məsul Şeyx Əli əl-Maliki bildirib ki, ölkədə hətta 2,66 milyon dollar məbləğində başlıq pulu verilməsi faktı da qeydə alınıb. 

Qeyd edək ki, İslam qaydalarına əsasən, kəbin zamanı oğlan tərəfindən qadına və ya qıza müəyyən məbləğdə başlıq, mehr vəd edilir. Ailələr arasında baş verən səmimi danışıqdan sonra İslam prinsipləri əsasında başlıq pulu ilə bağlı razılığa gəlməlidirlər. İslam qanunlarına görə, boşanma zamanı həmin məbləği kişi qadına verməlidir. 

Son xəbərlər

Orphus sistemi