Yuxarı

Respublikaçı senatorlar ABŞ prezidentini Bəşşar Əsədə qarşı kəskin addım atmağa çağırıblar

Respublikaçı senatorlar ABŞ prezidentini Bəşşar Əsədə qarşı kəskin addım atmağa çağırıblar
Tom Kotton: “Bu siyasət Bəşşar Əsədin Suriyanı tərk etməsi ilə başlamalıdır”

Bakı. 6 aprel. REPORT.AZ/ “Prezident Donald Tramp Suriyada proseslərin gedişatını dəyişdirəcək”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Arizona ştatının Respublikaçılar Partiyasından olan senatoru Con Makkeyn bildirib.

“Üzləşdiyimiz vəziyyət nə qədər qarmaqarışıq olsa da, prezident Tramp və hökuməti Suriyada hadisələrin gedişatını dəyişdirəcək, 400 min suriyalının ölümünə və 6 milyon insanın qaçqın vəziyyətinə düşməsinə səbəb olan bu humanitar və strateji fəlakətə müdaxilə etmək üçün əlverişli şərait var. Bu fürsəti qaçırmamaq üçün bəzi çətin strateji suallara cavab verməyə ehtiyac olacaq. Ancaq bu fürsəti dəyərləndirənədək savaş, terror və qaçqın axını davam edəcək, ABŞ-ın milli təhlükəsizlik mənafeləri daha böyük risklərə məruz qalacaq”, - deyə Con Makkeyn vurğulayıb.

Senator bildirib ki, keçmiş prezident Barak Obama Suriya məsələsinin həllində qərarsızlıq göstərərək, proseslərə müşahidəçi kimi yanaşıb. 

Arkanzas ştatının Respublikaçılar Partiyasından olan senatoru Tom Kotton da oxşar açıqlama yayıb. O bildirib ki, Suriyada Bəşşar Əsəd rejimi kimyəvi silahdan istifadə edərkən, ABŞ-ın o zamankı prezidenti Barak Obama və hökuməti lazım olan addımı atmayıb və bu da ABŞ-ın dünyadakı təhlükəsizliyinə və nüfuzuna zərbə vurub: “Zalımlıqlarına görə, Əsəd hökuməti, İran və Rusiyanın məsuliyyət daşıması üçün Suriyaya yönəli daha güclü siyasətin yürüdülməsinin zamanıdır. Bu siyasət Bəşşar Əsədin Suriyanı tərk etməsi ilə başlamalıdır”.

Cənubi Karolina ştatının Respublikaçılar Partiyasından olan senatoru Lindsey Graham isə Suriyadakı vəziyyətlə bağlı “Twitter” səhifəsində bunları yazıb: “İdlibdəki hava hücumunu Əsəd rejiminin həyata keçirməsinə heç bir şübhəm yoxdur. İndi prezident Trampın xarici siyasətdə əsas məsələnin diktatorlara qarşı mübarizə aparmaq olduğunu və Barak Obama olmadığını sübut etməyin zamanı gəlib çatıb. Məsələ Əsəd və Suriya olduğundan prezidentin sələfi kimi eyni xətanı təkrarlayacağına inanmıram”.

Qeyd edək ki, ABŞ prezidenti Donlad Tramp Suriyadakı rejimin başçısı Bəşşar Əsədə aid Hərbi Hava Qüvvələrinin aprelin 4-də İdlib əyalətinin Xan Şeyxun bölgəsinə kimyəvi bombalar atmasına münasibət bildirərkən deyib ki, ötən gün uşaqlara edilən hücumdan çox sarsılıb: “Bu, Suriya və Əsədə münasibətimi kəskin dəyişdirdi”.

Xatırladaq ki, aprelin 4-də səhər saatlarında İdlibin Xan Şeyhun şəhərinin bombalanması nəticəsində 11-i uşaq olmaqla 100-dən çox dinc sakin ölüb, 500-ə yaxın mülki şəxs isə kimyəvi bombadan zəhərlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi