Bakı. 18 May. REPORT.AZ/ İraqın Ramadi şəhərini geri qaytarmaq üçün şəhərin yaxınlığındakı hərbi bazaya minlərlə şiə döyüşçü gətirilib.
"Report" Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, əyalət şurasının rəhbəri Sabah Karhoutd, terrorçu "İslam Dövləti" qruplaşmasına mənsub yaraqlılar tərəfindən zəbt edilən şəhərə daxil olmaq üçün şiə döyüşçülərin Ramadinin 20 kilometrliyində yerləşən bazada gözlədiyini deyib.
Onun sözlərinə görə, şəhərin azad edilməsinə 3 minədək şiə yaraqlısı cəlb edilib.
Həmçinin, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri islamçıların mövqelərinə hücumları gücləndirib.
Son günlər Ramadi uğrunda gedən döyüşlərdə 500-dək adam ölüb, minlərlə insan döyüş zonasından qaçıb.
ABŞ Dövlət katibi Con Kerry mayın 18-də Seulda jurnalistlərə "İslam Dövləti" qruplaşmasının imkanlarının məhdudlaşdırıldığını və yaxın günlərdə hər şeyin tamamilə dəyişəcəyini deyib.