Yuxarı

Parisdə müsəlmanların 14-cü beynəlxalq forumu keçirilib - FOTO

Parisdə müsəlmanların 14-cü beynəlxalq forumu keçirilib - FOTO
© Foto: "Report"

Paris. 10 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə müsəlmanların 14-cü beynəlxalq forumu keçirilib.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, Müsəlmanların Beynəlxalq Forumunun katibliyi, Parisin İslamologiya Fakültəsinin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının birgə təşkilatçılığı ilə baş tutan forum bu il “İslam və qloballaşma problemləri“ mövzusuna həsr edilib. 

Tədbirdə müxtəlif ölkələrin müsəlman icmalarının, həmçinin digər dinlərin icmalarının nümayəndələri, professor və alimlər iştirak ediblər.

Tədbirdə çıxış edən müsəlman icmalarının nümayəndələri bildiriblər ki, dünyada baş verən qloballaşmanın yaratdığı problemlərin tərkib hissəsi kimi iqtisadi maraqlar baş qaldırır ki, bu da öz növbəsində ədalətsizlikləri qidalandırır. Beləliklə, Avropada bu gün ekstrem qüvvələr insanlar arasında fərqləri barmaqla göstərərək, dini, milli ayrı-seçkiliklər yaratmaqda davam edirlər.

Avropanın müxtəlif ölkələrindən olan forum iştirakçıları müsəlmanların Avropada cəmiyyətin müxtəlif sahələrinə - sağlamlıq, ekologiya, siyasi və ictimai həyat, iqtisadiyyatın inkişafına hansı töhfələr verə biləcəkləri ətrafında fikir mübadiləsi yürüdərək təcrübələrini bölüşüblər.

Tədbirdə çıxış edən fransalı diplomat, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı Jan-Kristof Posel (Jan-Christophe Peaucelle) bildirib ki, Fransa dövləti müxtəlif dinlərə xidmət edən insanların bərabərlik, azadlıq, qardaşlıq prinsipləri əsasında birgə yaşamaları üçün məsuliyyət daşıyır. O, vurğulayıb ki, Fransada din dövlətdən ayrı olsa belə, dövlət hər zaman dinlər ilə dialoqa açıqdır.

Tədbirin sonunda Avropadakı müsəlman icmaları adından, Atlantik okeanından Ural dağlarına və Xəzər dənizinə qədər uzanan Avropanın müsəlmanlarına müraciət qəbul olunub. Sənəddə Avropada multikultural cəmiyyətin yaradılmasına töhfə vermək üçün müsəlmanları fəal olmağa çağırılır.

Müsəlmanların 15-ci beynəlxalq forumunun 2019-cu ilin dekabrında Berlində keçirilməsi təklif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi