Bakı. 18 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisin şəhər ətrafı Sen-Deni rayonunda hüququ-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində iki nəfər öldürülüb.
"Report" "Le Monde"yə istinadən xəbər verir ki, öldürülənlərin noyabrın 13-də Parisdə törədilən terror aktlarında iştirak etdiyi ehtimal olunur. Xəbərdə bildirilib ki, ilkin ehtimala görə, xüsusi əməliyyat zamanı öldürülənlərdən biri məlum hadisə zamanı üstündə partlayıcı kəmər olan qadındır.
*** 09:57
Fransanın paytaxtı Parisin şimalında şəhər ətrafı Sen-Deni rayonunda bir neçə yüz polis əməkdaşının keçirdiyi antiterror əməliyyatı zamanı atışma baş verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis bu gün səhər saatlarında noyabrın 13-də Parisdəki terror aktlarını törətməkdə şübhəli bilinənlərin gizləndiyi ehtimal olunan bir mənzili mühasirəyə alaraq, əməliyyat-axtarış tədbiri həyata keçirib. Əməliyyat zamanı atışma baş verib. Bir neçə polis yaralanıb.
Xəbərə görə, polis həmin binada hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri tutub, daha iki nəfər isə hələ də mənzildə gizlənir. Asayiş keşikçiləri yerli əhalini küçəyə çıxmamağa çağırıblar.
Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdır.
Xatırladaq ki, terrorun məsuliyyətini İŞİD terrorçu qruplaşma üzərinə götürüb.