Bakı. 30 mart. REPORT.AZ/ "Malayziya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasındakı diplomatik münaqişə həllini tapıb, Şimali Koreyada qalan malayziyalılar ölkəni tərk edəcəklər."
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Nəcib Razak bildirib.
Onun sözlərinə görə, 9 malayziyalı artıq Pxenyandan havaya qalxıblar və sabah səhər saat 05:00-da Kuala Lumpura enəcəklər.
Eyni zamanda, Malayziya hakimiyyəti də KXDR vətəndaşlarının ölkədən çıxışı ilə bağlı qadağanı aradan qaldırıb.
Xatırladaq ki, fevralın ortalarında KXDR liderinin ögey qardaşı Kim Çen Nam Kuala Lumpur hava limanında öldürüldükdən sonra Malayziya və Şimali Koreya qarşı tərəfin vətəndaşlarının gediş-gəlişini qadağan edib.