Bakı. 29 yanvar. REPORT.AZ/ İraqın bir qrup mülki sakini Havicə bölgəsində İŞİD terror qruplaşmasının nəzarətindən qaçmağa çalışarkən, terrorçuların Tuzhurmatu yaxınlığında yola döşədiyi minaların qurbanı olublar.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Məlumata görə, sakinlərin keçdiyi yolda yerə döşənmiş minaların partlaması nəticəsində 5 nəfər ölüb, 10 mülki vətəndaş isə yaralanıb.
Bölgənin polis rəsmisi, polkovnik-leytenant Nazim Fazilin sözlərinə görə, hadisə zamanı xəsarət almış mülki şəxslər arasında qadınlar da var: "Minaların partlaması nəticəsində 5 vətəndaş həyatını itirib. Aralarında qadın və uşaqların da olduğu 10 vətəndaş yaralanıb".
Polis rəsmisi qeyd edib ki, Mosul əməliyyatı başlayandan bu günə kimi İŞİD-in nəzarəti altında olan bölgələrdən qaçanların sayı artıb.
Kərkükün cənubundakı Havicə bölgəsi və onun tabeliyindəki 6 qəsəbə, habelə yüzlərlə kənd 2014-cü ilin iyunundan İŞİD terror qruplaşmasının işğalı altındadır.