Bakı. 28 noyabr. REPORT.AZ/ İraq parlamenti İranyönlü “Haşdi Şəbi” silahlı qruplaşmasına ölkə Silahlı Qüvvələrinin hərbçi birləşməsi statusu verib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi bildirib.
O qeyd edib ki, “Haşdi Şəbi”yə aid bütün qruplar İraqın dövlət rəmzlərini daşıyır və onu qoruyurlar”.
Parlamentin qəbul etdiyi uyğun əsasnamədə bildirilib: “Haşdi-Şəbi”yə aid bütün qruplar İraq baş nazirinin əmr və təlimatları əsasında fəaliyyət göstərir; qruplaşmanın təmsilçiləri əmək haqqı, mükafat və təqaüd haqqına sahibdirlər”.
İnformasiyaya görə, İraq parlamentindəki 327 deputatın 208-i bu qanun layihəsinin lehinə səs verib.
Qeyd edək ki, bu silahlı qruplaşmanın İraqda terrorçu İŞİD-ə qarşı mübarizə apardığı bildirilir.