Bakı. 23 iyul. REPORT.AZ/ "İranla "altılıq" ölkələri arasında imzalanan nüvə müqaviləsinə əlavələr var. Lakin bu əlavələr ictimaiyyətə açıqlanmayacaq". "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Susan Rays deyib.
O bildirib ki, müqaviləyə dair bütün sənədlər ABŞ Konqresinə təqdim olunub: "Müqaviləni nəzərdən keçirmək üçün Konqresin hələ iki ay vaxtı var. Hazırlanan bütün sənədləri və Beynəlxalq Atom Enerjisi Agentliyinin bizimlə bölüşdüyü bütün proqramları Konqresə təqdim etmişik".
S.Rays ictimaiyyətdən gizli saxlanılan məqamların konqresmenlərə məlum olduğunu da əlavə edib: "Bu mövzuda bizim bilib, onların bilmədiyi heç bir şey yoxdur. Eyni zamanda, müqavilənin sentyabrın əvvəllərində konqresdə səsverməyə çıxarılması gözlənilir".