Bakı. 15 aprel. REPORT.AZ/ İranın Suriyanın Hələb şəhərinin cənubundakı Azan dağı yaxınlığındakı hərbi bazasında güclü partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "Haber 7 com" məlumat yayıb.
İlkin məlumata görə, partlayış nəticəsində İran ordusunun 20 zabiti həlak olub, habelə xeyli sayda hərbçi xəsarət alıb. Partlayışdan sonra hadisə yerinə təcili yardım maşınları və xilasedicilər göndərilib.
Ərazi üzərində təyyarələr müşahidə edilib. Lakin onların hansı ölkəyə məxsus olduğu məlum deyil.
"CNN Türk" də öz növbəsində hadisə yerində olan mənbəyə istinadən 20 nəfərin ölməsi, xeyli sayda yaralının olması xəbərini təsdiqləyib. Lakin həlak olanların hərbçilər olduğu barədə məlumat verməyib.
Partlayışın səbəbi barədə məlumat verilmir. Xəbər hələlik rəsmi şəkildə təsdiqlənməyib.