Bakı. 12 may. REPORT.AZ/ İran və "altılıq" ölkələrinin ekspertləri Vyanada danışıqların növbəti raunduna başlayıb. Danışıqların məqsədi iyun ayının sonuna qədər İranın nüvə proramına dair yekun razılaşmanın hazırlanmasıdır. "Report" "TASS"a istinadən xəbər verir ki, məsləhətləşmələr İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtin görüşü ilə başlayıb.
Vyanaya gəldiyi zaman A.Əraqçı qeyd edib ki, Tehran tərəflərin yekun sənədi nəzərdə tutulan vaxt, yəni 30 iyun 2015-ci il tarixindən əvvəl razılaşdırmaq üçün şansın olduğuna ümid edir. Onun sözlərinə görə, müqavilənin qaralaması demək olar ki, tam hazırlanıb, lakin bir hissə ilə bağlı fikir ayrılıqları mövcuddur. "Tərəflər arasında hələ çox sayda həll olunmayan məsələ və fikir ayrılığı qalmaqdadır. Danışıq iştirakçıları gələcək müqavilənin vahid mətnini razılaşdırmağa çalışır. Biz hesab edirik ki, bunu danışıqların sonuna qədər həyata keçirə bilərik", - Əraqçı vurğulayıb.