Bakı. 27 may. REPORT.AZ/ Fransanın Kale şəhərindəki Cunqli qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında düşən dava nəticəsində 3 mühacir ölüb, 40-ı yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır.
Məlumata görə, Əfqanıstan və Sudandan olan qaçqınlar arasında qarşıdurma olub. Davadan sonra Əfqanıstandan olan qaçqınlar mühacirlərin yaşadığı 250 çadırı yandırıb.
İnformasiyaya əsasən, Cunqli qaçqın düşərgəsində 5 min mühacir məskunlaşıb. Ora dünyanın ən təhlükəli qaçqın düşərgələrindən biri sayılır. Həmin düşərgədə narkotik maddə və silah əldə etməyin asan olduğu deyilir. Bundan başqa orada müxtəlif mafiya qrupları fəaliyyət göstərir.