Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın "Northrop F-5" qırıcısı təlim uçuşu zamanı Florida ştatı sahillərində qəzaya uğrayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, təyyarənin qəzaya uğraması barədə xəbər yerli vaxtla saat 12:40-da daxil olub. Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir ki, "Northrop F-5" təlim uçuşu zamanı okeana düşüb.
Təyyarənin pilotu sahil mühafizəsinin əməkdaşları tərəfindən tapılıb və uğurla təxliyə edilib. Pilot xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı təhqiqat aparılır.