Bakı. 16 Avqust. REPORT.AZ/ Ekvador prezidenti Rafael Korrea Katopaxi vulkanının püskürdüyü ərazidə fövqəladə vəziyyət elan edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə o, xalqa həftəlik müraciətində bildirib.
"Biz Katopaxi vulkanının qeyri-adi fəallığını diqqətə alaraq, fövqəladə vəziyyət rejimi elan edirik", – deyə Korrea vurğulayıb.
Ekvadorun paytaxtı Kito yaxınlığında yerləşən vulkan 70 il ərzində ilk dəfə olaraq fəallıq nümayiş etdirməyə başlayıb. Onun kraterindən havaya atılan külün hündürlüyü 5 km-i ötüb.
Hakimiyyət artıq yaxınlıqdakı kəndlərin əhalisini təxliyə etməyə başlayıb.